"Biz "Real" və ya "Barselona" deyilik ki..."

29 Oktyabr 2019 23:35 Avropa Liqası 609
"Biz "Real" və ya "Barselona" deyilik ki..."

“Asan oyun olmadı və matçın belə keçəcəyini öncədən bilirdik. İlk yarıda tempimiz aşağı idi, qol vəziyyətləri yaratmadıq, səbrli futbol sərgilədik. Bir neçə dəfə top itirdik və bəzi epizodlarda bəxtimiz gətirdi”.

Sportinfo.az xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan APOEL-in baş məşqçisi Tomas Doll Kipr çempionatının VII turunda “Nea Salamina”nı səfərdə 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

53 yaşlı mütəxəssis ikinci hissədə riskə getdiklərini və hücuma çıxaraq 3 qol vurduqlarını söyləyib: “Bu, xüsusən də “Qarabağ”la səfər və oyun yorğunluğu fonunda çox yaxşı nəticədir, məni qane edir. Komanda tədricən daha da yaxşı çıxış edəcək. AEK-lə matçda da 3 xal qazanmağa çalışacağıq.

Biz “Real Madrid” və ya “Barselona” deyilik ki, favorit sayıldıqlarımız da daxil olmaqla, bütün oyunlarda topa nəzarət edək. Öz futbolumuzu sərgiləmək üçün daha tez toparlanmalıyıq. Son 2 ayda beynəlxalq görüşlərlə əlaqədar çempionatda çox oyun buraxmışıq. Həmçinin zədəlilərimiz vardı”.

Almaniyalı baş məşqçinin sözlərinə görə, “Nea Salamina” kimi komandalara qarşı oynamaq çətindir: “Rəqibin bu qədər yaxşı oynayacağını düşünmürdüm.

Əsas odur ki, qalib gəldik. Heyətdə 8-9 tam hazır futbolçu olanda, nəticə qazanmaq da çətin olur. İkinci hissədə oyun açılandan sonra bizim üçün qol vəziyyətləri yaratmaq asan oldu”.

Əksər rəqibləri ilə müqayisədə 3 oyun az keçirən APOEL 4 matçdan 12 xal toplamaqla 2-ci pillədə qərarlaşıb.

Oktyabrın 24-də keçirilmiş “Qarabağ” - APOEL matçında qalib müəyyənləşməyib - 2:2. Bu komandalar noyabrın 7-də IV tur çərçivəsində Nikosiyada qarşılaşacaqlar. A qrupunda 3 turdan sonra “Sevilya” 9 xalla liderdir. “Qarabağ” 4 xalla 2-ci, “Düdelanj” 3 xalla 3-cü sıradadır. APOEL isə 1 xalla sonuncudur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"