"Yaxşı qurtardıq" da deyə bilərəm, "pis qurtardıq" da.
Oyun gəldi-getdi, getdi-gəldi. 2:2 hardasa ədalətlidir, hardasa yox.
Mahir Emreli son dəqiqələrdə topa düzgün baş zərbəsi endirsəydi, "Qarabağ"ın aktivində bu gün 6 xal vardı. Fasilədə Maqaye Qeyeni əvəzləyən Mahir yaxın məsafədən qapıya düşə bilməməklə, komandasının qrupdan çıxmaq şansını bir qədər çətinləşdirdi.
Heç bundan danışan, qeyd edən yoxdur amma. Gəncdir, hələ nə yaşı var ki… Öyrənəcək də… Sözdür bu?
Rəşad Sadıqova gələndə… Dünən gecədən bəri sosial şəbəkələr bir-birinə dəyib. Kapitanın ikinci qoldakı səhvi böyükdür, inanılmazdır, amma bunu hər dəqiqə üzünə vurmağa, damğalamağa dəyərmi?
Heç bir futbolçu istəməz ki, bu vəziyyətə düşsün, sonra da ağır tənqidlərə məruz qalsın. Hamısının başına gələcək işdir. Rəşadın o xətasının yaşla-filanla, nə bilim, gözlə, başla, ayaqla əlaqəsi yoxdur. Top və topun qəbulu yaşa-başa baxmır, istər cavanı olsun, istər yaşlısı - kimdə olmayıb ki, belə? O səhvi Puyol da edib, Maldini də, başqaları da.
"Qarabağ"ın futbolçularının, Qurban Qurbanovun əziyyətini Rəşad Sadıqov yerə vurur" deyənlər ki var, onlar yaxın 10 ilin üstündən qəsdlə, qərəzlə xətt çəkənlərdir! Adamın komandasını xilas etdiyi 10 oyunu, epizodu görməyənlərdir bu bir xətanın quyruğundan yapışanlar.
Allah heç düşmənimi də Rəşadın gününə salmasın! Ağır "travma"dır. Rəşadın dünənki günü həyatının son anına kimi unutmayacağına əminəm. Tanıyıram, bilirəm. Getdi onunla, qəbir evinə kimi!
Futbolçu var, meydanda və meydandan kənarda nə etdisə, heç kimə maraqlı gəlmir, diqqət mərkəzində olmur. Belələri özlərini yaşıl sahə və adi həyatda tapmayanlardır. Futbolçu var, hər hərəkəti, hər sözüylə gündəm olur. Rəşad Sadıqov belələrindəndir. Çün o, personadır, insani kimliyi futbolçu kimliyindən bir addım öndədir, sayılıb-seçilir. Biz dünənədək elədiklərinə dəyər vermiriksə, unuduruqsa, Rəşadın dünənki səhvini də üzünə vurmağa mənəvi haqqımız çatmır.
Rəşadın hələ 2 il qabaq karyerasını bitirmək istəməsindən xəbərdaram. Az qalır Qurban Qurbanova yalvarır ki, bəsdir daha, yorulmuşam, meydanla vidalaşmalıyam, yerimə futbolçu alın. Qurbanov nə Rəşadı dinləyir, nə də mövqeyinə transfer edir. Daşı ətəyindən tökmür, indi də ortada Rəşad qalır.
İlkin Vaqifoğlu

