Qurban Qurbanov bu axşam "4-1-4-1"ə əl atarsa…

24 Oktyabr 2019 13:10 Avropa Liqası 778
Qurban Qurbanov bu axşam "4-1-4-1"ə əl atarsa…

(İlk link burada - https://www.sportinfo.az/idman_xeberleri/avroliqa/69888.html)

"Sevilya" ilə APOEL 5-4-1-lə "avtobus park etməyi" əsas hədəf kimi seçib (Qurban Qurbanov isə alman həmkarından fərqli olaraq, ispan klubuna qarşı öz oyununu oynamağa çalışdı) və yalnız yekun hesabda öz məqsədinə çatdı.

Andalusiyalılar həmin matçda qapıya zərbələr üzrə kiprliləri 21-2 hesabı ilə üstələyib potensial 3,6 solla oynasalar da (yəni xG) cəmi bir solla kifayətlənməli oldular.

Bax, bu aspektdən Dollun Kipr çempionunun sükanı arxasındakı ilk görüşdə oynadığı 3-4-3 taktikasına yenə də müraciət edəcəyi maraqlıdır. O zaman məcburiyyətdən bu taktikani seçən kiprlilər Qurbanovu, yəqin ki, çox təəccübləndirdilər. Bir tərəfdən, üçlü müdafiə ağdamlıların epizodik hücum həmlələrini rahatlıqla zərərsizləşdirməyə müvəffəq oldu, daha önəmlisi isə Miçelə qarşı fərdi oynamaqla "Qarabağ"ın əl-qolunu tamamilə bağladı. Əbəs yerə deyildi ki, Miçel top üçün tez-tez dayaq yarımmüdafiəsi zonasına düşürdü və buraxdığımız ilk qol da məhz ispan futbolçunun topu uğursuz şəkildə uzaqlaşdırma cəhdindən sonra baş verdi.

Bu matçda da Qurbanovun baş sındırmalı olduğu məqamlardan biri hansı taktiki düzülüşün komandaya daha çox fayda verəcəyidir. Birmənalı şəkildə müdafiə ağırlıqlı 4-5-1 və ya oyunçuları meydanda bərabər bölən 4-3-3 Kipr klubunun əlinə işləyəcəyi kimi görünür.

"Düdelanj"la istifadə olunan 4-1-4-1 (və ya 4-1-2-2-1) nəzəri olaraq APOEL-ə qarşı effektiv metod kimi görünür. Bu düzülüşlə Qurbanov meydanın mərkəzini hələ də məşğul saxlaya bilər, eyni zamanda isə Miçeli sığorta edə biləcək bir oyunçu daimi özünü təklif edə bilər.

Bu taktika eyni zamanda "Qarabağ"n hücuma qoşulmağı sevən cinah müdafiçiələrini də həm müvafiq cinahlardakı komanda yoldaşları, ən vacib halda isə dayaq yarımmüdafiəçimiz Qarayev kompensasiya edə bilər.

Qeyd edək ki, uğursuz "Sevilya" matçında ən parlaq oyunçumuz olan Qarayevin çiyinlərinə yenə də ciddi yük düşəcək. Onun əsas işi müdafiə olunan zaman mərkəz müdafiəçilərimizlə birlikdə rəqibə qarşı say üstünlüyünü (3-ə 2) yaratmaqla yanaşı, həm də ağdamlıların hücumlarını başlaması olacaq.
Dollun Avropadakı əvvəlki matçlarından aydın olur ki, alman baş məşqçi meydanın mərkəzi uğrunda mübarizəni udmağı, nəyin bahasına olursa olsun, qarşısına məqsəd kimi qoyacaq. Odur ki, 4-2-3-1 və ya 4-5-1 rəqibin əl ata biləcəyi taktika kimi görünür. Yenə də xatırladaq ki, Qurbanovu araşdırmış alman həmkarı ilk öncə onun oyununu zərərsizləşdirməyə çalışacaq. O, 4-1-4-ə əl atarsa, Dollun işi maksimal dərəcədə çətinləşəcək.

Cavid David Zaidov
Londondan xüsusi olaraq Sportinfo.az üçün

Digər Xəbərlər
Xəbər Lenti