"Qarabağ" - "Qara kölgə" ilə qarşıdurma

23 Oktyabr 2019 20:50 Avropa Liqası 665
"Qarabağ" - "Qara kölgə" ilə qarşıdurma

Azərbaycan futbolu tarixində daha bir ilkə imza atmaq istəyən "Qarabağ"ın qarşısında köhnə tanışı durur. Sərgilədiyi ziddiyyətli oyun və hesablarla sözün həm yaxşı, həm də pis mənasında siravi azarkeşi çaş-baş qoyan APOEL-dən sabah nə gözləmək olar?

Bir tərəfdən "Sevilya"ya səfərdə minimal hesabla məğlub olmuş Kipr çempionu digər tərəfdən öz evində "Düdelanj"a boyun əydi. Özü də ağdamlıların səfərdə rahatlıqla darmadağın etdiyi lüksemburqlularla matçda hesabı 0:2-dən 3:2-yə gətirən Tomas Dollun yetirmələri yenə də daha iki qol buraxıb, sensasiyalı şəkildə məğlub oldu.

Almaniyalı baş məşqçinin gəlişindən sonra "Qarabağ"ı Bakıda 2:0 hesabi ilə məğlub edən, bununla Çempionlar Liqasında pley-off mərhələsinə qalan kiprlilər "Ayaks"a hər iki oyunda ciddi müqavimət göstərməyə müvəffəq oldu.

“Hansı APOEL «Qarabağ»la oyuna çıxacaq” sualı azarkeşlərimizi ən çox maraqlandıran məqamlardan biri olmalıdır. Daha bir düşündürücü nüans isə rəqiblə seçmə mərhələdə birmənalı təsir bağışlamamağımızdır. Görəsən, bu dəfə necə olacaq?

Kipr çempionatında 5-ci yer, əslində, aldadıcıdır. Hər 3 matçını qazanmış APOEL Avropadakı çıxışına görə rəqiblərindən 2 oyun az keçirdiyindən turnir cədvəlinin ortalarındadır. Başqa sözlə, daxili çempionatda hər şey qaydasında olsa da, Dollun xüsusilə "Düdelanj" məğlubiyyətindən sonra təzyiq altında olması aydındır.

Bu yaxınlarda alman məşqçı tipik divara qısılmış, amma məğlubiyyəti etiraf etmək istəməyən birisi kimi "Qarabağ"ı bir də üstələməyin mümkünlüyündən özünə çox əmin şəkildə dəm vurub.

Bunu da başa düşmək çətin deyil. Çünki məhz bu iki matçda qrup ikincisinin taleyi həll olunacaq və uğursuzluq təqdirində Doll vəzifəsini itirməsə də, kreslosu ciddi laxlayacaq.

Odur ki, hər iki görüşə başlamamışdan öncə turnir cədvəlində və psixoloji olaraq üstünlük bizim tərəfdədir. Qurban Qurbanovun "ansambl"ına sadəcə, analoji nəticə qazanmaq (iki heç-heçə və ya hərəyə 1 qələbə) lazımdır ki, növbəti mərhələnin açarını əllərində saxlasın.

İlk oyunun Bakıda olması isə təzyiq yaratmaqla yanaşı, eyni zamanda, "Qarabağ"a şans verir ki, ev qələbəsiylə rəqibi daha da ciddi təzyiq altına salsın. Bu isə "Düdelanj"la olduğu qədər rahat alınmayacaq. Lakin taktiki adaptasiya qabiliyyəti ilə seçilən Qurbanovun bu çətin vəziyyətin öhdəsindən gəlməsi mümkündür.

Buna əsas səbəb isə Dollun hələ ki, uğurla yerinə yetirdiyi oyun elementinin rəqibin əl-qolunu bağlaya bilməsidir. Ümumiyyətlə, alman mütəxəssis olduqca rahatlıqla taktikanı qarşısındakı komandaya uyğun dəyişə bilir.

Məsələn, "Ayaks"la ilk matçda "romb mərkəzi" olan 4-4-2-yə üstünlük verən Doll cavab qarşılaşmasında müdafiə planlı 4-5-1-i seçdi. O, "Düdelanj"la oyuna özünün sevimli adlandırdığı 4-2-3-1 taktikası ilə çıxsa da, pis hava şəraiti və elementar olaraq rəqibi yaxşı analiz etməməsi sayəsində bu gediş fiaskoya uğradı.

(ardı olacaq)
Cavid David Zaidov
Londondan xüsusi olaraq Sportinfo.az üçün

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!