İranın qeyri-səmimiliyi və Ermənistana açıq dəstəyi nədən qaynaqlanır?

19 May 2021 02:10 Araşdırma 1 101
İranın qeyri-səmimiliyi və Ermənistana açıq dəstəyi nədən qaynaqlanır?

Milli maraqlara söykənən diplomatiya yürüdən Azərbaycan istər çoxtərəfli, istərsə də ikitərəfli münasibətlərdə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanıb.

Sportinfo.az Media Təhlil Mərkəzinə istinadən xəbər verir ki, bu xüsusda aparıcı qonşu ölkələrlə münasibətlərin sivil məcrada inkişafına çalışan rəsmi Bakı mövcud münasibətlərdə hansısa tərəddüd və ziddiyyət yarada biləcək yanaşmalardan uzaq olub.

Respublikamız xüsusilə də yaxın qonşu və müsəlman dövləti hesab etdiyi İran İslam Respublikası ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişafına çalışıb, onun daxili işlərinə müdaxilə kimi dəyərləndiriləcək hər hansı addıma yol verməyib.

Rəsmi Bakı ABŞ və bəzi Qərb ölkələrinin nüvə enerjisi əldə etmək istəyən İrana qarşı müəyyən sanksiya və embarqolarına qarşı çıxıb, siyasi gərginliyin danışıqlar yolu ilə aradan qaldırılması vacibliyini bəyan edib. Rəsmi Bakı mövcud anlaşılmazlıqların qarşıdurma müstəvisinə keçməsinə qarşı olduğunu, Azərbaycan ərazisindən və hava məkanından İrana qarşı hərbi platsdarm kimi istifadə cəhdlərinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan edib.

Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən İranın Azərbaycanla tarixi kökləri olan qonşuluq və dostluq münasibətlərinin inkişafına xüsusi önəm verib. Bunun əyani təsdiqi kimi ötən 18 ildə ikitərəfli münasibətlər iqtisadi, siyasi və digər sahələrdə dinamik inkişaf edib.

Lakin təəssüflə vurğulamaq lazımdır ki, İranın Azərbaycana münasibətində zaman-zaman qonşuluq və dostluq münasibətlərinin xarakteri ilə uzlaşmayan qeyri-səmimi, destruktiv yanaşmalara da rast gəlinib. Xatırlatmaq lazımdır ki, Cənub qonşumuzun hələ 90-cı illərin sonu 2000-ci illərin əvvəlində Xəzərin statusu məsələsində qeyri-adekvat və beynəlxalq konvensiyalarına zidd mövqe tutması, Azərbaycan neft yataqlarını istismar etməsinə qarşı çıxması, hərbi təyyarələrlə hava sərhədlərimizi pozması ikitərəflli münasibətlərlə ciddi gərginliyə səbəb olmuşdu. Həmin vaxt Türkiyənin mənəvi-siyasi dəstəyi, qardaş ölkənin hərbi qırıcılarının Bakı üzərində dövrə vurmaları təhdid mövqeyi tutan İrana sərt mesaj oldu. Sonrakı mərhələdə isə Ümummilli lider Heydər Əliyev İran prezidenti Məhəmməd Xatəminin Bakıda Xəzər dənizini “Mazandaran gölü” adlandırmasına kəskin etirazını ifadə etmişdi.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarda sıx əməkdaşlıq etdiyi İranın təcavüzkar Ermənistana açıq-aşkar iqtisadi-siyasi dəstək verməsini, onun təcrid vəziyyətindən çıxmağa yardımçı olmasını qəbul etməsə də, bunu qonşu ölkənin daxili işi kimi dəyərləndirib. Halbuki, İslam həmrəyliyi, dini-mənəvi dəyərlər və ən əsası beynəlxalq hüquq normaları baxımından İranın təcavüzkar Ermənistana bu dəstəyi rəsmi Tehranın dünyada sülh və ədalət çağırışları ilə ziddiyyət təşkil edib. Azərbaycan İrandan siyasi dəstək deyil, BMT qətnamalərinə adekvat ədalətli yanaşma umub və təəssüf ki, uzun illər ərzində bunun şahidi olmayıb. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini iddia edən cənub qonşumuz əməldə təcavüzkarı şirnikləndirən, onun təcriddən çıxmasına kömək edən “təşəbbüslərə” yol verib. Bəzi hallarda İran öz şirkətlərinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz şəkildə biznes qurmaq cəhdlərinə göz yumub.

İranda yaşayan və etnik çoxluq təşkil edən azərbaycanlıların sıxışdırılması, konstitusion hüquqlarının pozulması, onların yüksək vəzifələrdə təmsilçiyinə yol verilməməsi, qanunsuz həbs edilməsi ilə bağlı zaman-zaman yerli və xarici mətbuatda etiraz ifadə edən yazılara rast gəlinib. İranda keçirilən bəzi rəsmi görüşlərdə Azərbaycan bayrağının tərsinə asılması kimi təsadüfi olmayan həssas məqamları da təəssüflə qeyd etmək lazım gəlir. Rəsmi Bakının müstəqil xarici siyasət yeritməsi, bütün məsələlərdə milli maraq və mənafeləri müdafiə etməsi, Qərblə əməkdaşlığı bəzi hallarda İranın əsassız aqressivliyinə səbəb olsa da, rəsmi Bakı bu təhdidləri yol verilməz sayıb və qətiyyətli mövqeyini hər zaman ifadə edib.

Ötən il Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun iranlı həmkarı ilə görüşü zamanı çəkilmiş fotoda bayrağımız qırış formada

Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan etmiş İran İslam Respublikası 44 günlük Vətən Müharibəsinin ilk günlərində yenə də beynəlxalq hüququ, İslam dəyərləri əsas tutmadı, ölkəmizin haqlı mövqeyinə hər hansı dəstək ifadə etmədi. Əksinə, hələ 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərindən sonra İranın hava məkanında istifadə olunmaqla Rusiya ərazisindən Ermənistana yüzlərlə ton hərbi texnika və sursatın daşınması rəsmi Tehranın ermənipərəst mövqeyinin açıq ifadəsi oldu. Vətən Müharibəsi zamanı İran ərazisi vasitəsilə böyük həcmdə hərbi texnikanın və silah-sursatın Ermənistana daşınması da, əslində, İranın təcavüzkara açıq dəstəyini nümayiş etdirdi. Vəziyyət o həddə çatdı ki, İranda yaşayan sadə azərbaycanlılar bu ölkədən Ermənistana hərbi yükün daşınmasına etiraz olaraq aksiya keçirdilər və bir neçə yük maşını yandırıldı.

Azərbaycanın hərbi əməliyyatlarda aşkar üstünlüyünü və Rusiyanın nisbətən neytral yanaşmasını duyan rəsmi Tehran yalnız son günlərdə ölkəmizin ərazi bütövlüyü ilə bağlı müəyyən gecikmiş bəyanatlar vermək, mövqeyini qətiləşdirmək məcburiyyətində qaldı. Azərbaycan ictimaiyyəti bu gecikmiş yanaşmanı səmimi qəbul etmədi və “topuğa dəymiş daşa” bənzətdi.

Vətən Müharibəsindən sonra dekabrın 10-da Bakıda keçirilmiş təntənəli Zəfər paradı ilə bağlı qonşu ölkənin bəzi rəsmilərinin aqressiv və əsassız bəyanatları da məntiqsiz və absurd yanaşma kimi yadda qaldı. Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın həmin paradda çıxışı zamanı heç bir siyasi çaları olmayan şeir deməsi İran rəsmilərinin əsassız təlaşına, gülünc bəyanatlarına səbəb oldu. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin bu açıqlamaya “təxribat donu” geyindirməsi diplomatik savadsızlıq və riyakarlıq nümunəsi idi.

Bu günlərdə isə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zolnurinin Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və demilitasiyası fonunda səsləndirdiyi qərəzli açıqlama qonşu ölkənin müəyyən rəsmi şəxslərinin regiondakı reallıqlara əsassız yanaşmasını bir daha təzahür etdirir. Bəzi İran rəsmiləri nədənsə anlamaq istəmir ki, Azərbaycan hansısa ölkənin ərazisinə iddia etmir və yalnız beynəlxalq hüquqla tanınmış sərhədlərinin bərpasına çalışır. İndiki məqamda Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi İranın və ya digər hansısa üçüncü ölkənin maraqlarına toxunmur. Müctəba Zolnurinin son bəyanatı isə təcavüzkar Ermənistana açıq rəğbətin və dəstəyin təzahürüdür.

Azərbaycan İranla hər zaman mehriban dostluq və qonşuluq tərəfdarı kimi çıxış edib və bu gün də mövqeyində səmimidir. Prezident İlham Əliyev Cəbrayıl rayonuna son səfəri zamanı sərhədçilərlə görüşündə Azərbaycan-İran sərhədini “Dostluq sərhədi” adlandırması da qonşu ölkə ilə qarşılıqlı faydalı əməkdaşlığa olan səmimi niyyəti, yanaşmanı özündə təcəssüm etdirir. Dövlətimizin başçısı bu qənaətdədir ki, İranla həmsərhəd 130 kilometrdən çox ərazinin erməni işğalından azad edilməsi Azərbaycanın cənub qonşusu ilə münasibətlərinin inkişafında yeni mərhələ açacaq, ikitərəfli münasibətlər bütün sahələrdə dinamik inkişaf edəcək: “Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir”.

Bu mövqe Azərbaycan rəhbərliyinin qonşu ölkəyə dürüst və səmimi münasibətidir.

Bununla belə, ölkəmiz İranın hər hansı rəsmi şəxsinin reallığı əks etdirməyən, qərəzli, məsuliyyətsiz bəyanat və açıqlamalarını haqlı olaraq milli maraq və mənafeləri prizmasından dəyərləndirir və istənilən təhdid çalarlarına qarşı qətiyyətli mövqe ifadə edir.

Bu günədək nə İranın, nə də digər başqa ölkənin rəsmilərinin ölkəmizin daxili işlərinə qarışmasına yol verilməyib və bundan sonra da verilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti