Müharibəni uduzan Paşinyanın öz ölkəsində dəstəklənməsinin sirri

6 Mart 2021 12:30 Araşdırma 1 538
Müharibəni uduzan Paşinyanın öz ölkəsində dəstəklənməsinin sirri

44 günlük II Qarabağ savaşında rüsvayçı şəkildə məğlub olan Ermənistanın baş naziri Nikol Paşinyana xalqının ciddi dəstəyinin şahidi oluruq.

Martın 1-də müxalifətin aksiyalarına cavab olaraq, mitinq təşkil edən hökumət başçısı meydana on minlərlə tərəfdarını toplaya bildi.

Bütün bunlar da onu göstərdi ki, məğlub olmasına baxmayaraq, Nikolun xalq arasında hələ də ciddi dəstəyi qalmaqdadır. Bu da çoxlu suallara yol açıb.

Ermənilər Qarabağın haqlı sahibi Azərbaycana qayıtmasından məmnundularmı? Ona görəmi Paşinyanı dəstəklədilər, onu devirmədilər? Yoxsa Moskva onu devirmək istəyir, amma gücü çatmır?

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu yaranmış situasiyanı belə dəyərləndirdi: “Ermənistanda baş verən hadisələr hələ də məğlubiyyətin yaratdığı kütləvi psixozun təsiri altında baş verməkdədir. Ancaq təəccüb doğuran odur ki, əslində bu cür emosional davranışlar kapitulyasiyanı qəbul etdikdən dərhal sonra baş verməli olduğu halda, yalnız bundan üç ay sonra baş verir. Bunun izahı isə belədir ki, deməli, ötən üç ay ərzində Ermənistan cəmiyyəti ictimai şok vəziyyətində olub və ətrafında baş verənlərə adekvat reaksiya göstərə bilməyib. Paşinyanın hələ də hakimiyyətdə qala bilməsinin səbəblərinə gəldikdə isə onlardan biri elə yuxarıda qeyd etdiyimizdir. İkincisi isə müharibə o qədər sürətlə və gözlənilməz oldu ki, elə erməni ictimaiyyəti kimi Ermənistanın siyasi sistemini dizayn edən xarici təsir mərkəzlərdə də eyni şoku yaratdı. Yəni əslində yaranmış vəziyyətdə onlar da necə hərəkət etməli olduqlarını müəyyənləşdirə bilmədilər. Beləliklə, bir ümumi qeyri-müəyyənlik yarandı. Bu isə bunkerdə gizlənmiş Paşinyan üçün göydəndüşmə fürsət idi və o, bu fürsətdən yaxşı istifadə edə bildi.

Hikmət Babaoğlu: ATƏT-in qərəzli seçki hesabatı Azərbaycan xalqının siyasi  iradəsinə hörmətsizlikdir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Hikmət Babaoğlu: “Yeni vəziyyəti qəbul etməkdən başqa çarənin olmadığını görənlər çoxdur”

Ancaq bunlar yalnız yardımçı faktorlardır. Əsas məsələ isə odur ki, erməni cəmiyyətində obyektiv reallığı dərk edənlər və yeganə çıxış yolunun yeni vəziyyəti qəbul etməkdən başqa çarənin olmadığını görənlər çoxdur. Elə Paşinyanın mitinqində əzici say üstünlüyünü təmin edənlər də həmin təbəqənin təmsilçiləri idi. Bu isə həlledici oldu və Paşinyan revanşistlərin əlindən təşəbbüsü alaraq özü neorevanşist olmağı bacardı. Bu prosesdə Rusiya faktoruna gəldikdə, əslində Rusiya üçün artıq Ermənistanda kimin hakimiyyətdə olması, yaxud olmaması əvvəlki qədər prinsipial əhəmiyyət kəsb etmir. Çünki Ermənistan elə vəziyyətdədir ki, indi ona nəyisə diktə etmək daha asandır”.

Akif Nağı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Prezidentə və Qırmızı  Xaç Komitəsinə müraciət etdi - Sozcu.az

Akif Nağı: “Erməni cəmiyyəti Paşinyandan razı deyil, sadəcə...”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı fərqli düşünür: “Paşinyana elə bir dəstək yoxdur. Mitinqləri administrativ resurslardan istifadə edərək keçirir, bütün bölgələrdən adamları avtobusla daşıyıb gətirirlər. Amma Ermənistan cəmiyyətində müharibə vəziyyətindən, Qarabağ məsələsinin onların istədiyi kimi və istədikləri tezliklə həll olunmamasından yorğunluq var. Azərbaycan və Türkiyənin iqtisadi sanksiyalarından, normal münasibətlərin olmamasından da əziyyət çəkirlər. Rusiyanın diktatı, Moskvanın onlardan alət kimi istifadə etməsindən də narazıdırlar. Erməni cəmiyyəti Paşinyandan razı deyil, onun sosial və iqtisadi məsələlərlə bağlı verdiyi vədləri tutmadığının da fərqindədirlər. Amma Rusiyanın hakimiyyətə gətirmək istədiyi qüvvələri də görüblər, onların yenidən qayıtmasından qorxurlar. Paşinyanı həm də Qərbin mümkün dəstəyi ilə əlaqələndirir, Qərbin köməyi ilə vəziyyətlərinin düzələcəyinə ümid edirlər. Əslində Ermənistan cəmiyyəti yol ayrıcındadır, seçimlərini etməlidirlər. Artıq orada xeyli düşünən adamlar başa düşürlər ki, onların nicatı Qərbdə və ya Rusiyada deyil, Türkiyə və Azərbaycandadır. Vəziyyətdən Türkiyə və Azərbaycanla normal münasibət qurmaqla çıxa, iqtisadi və sosial durumlarını yaxşılaşdıra bilərlər. Bunu getdikcə daha çox adam başa düşməyə başlayır. Həm də anlayırlar ki, iki qonşu ölkə ilə normal münasibətlər qurmaq üçün Qarabağ xülyasından əl çəkməlidirlər. Azərbaycanın gücünü də gördülər. Son kadrların birində erməni qadın mitinqdə heç kəsdən çəkinmədən kameraya aydın şəkildə deyir ki, Şuşa, Qarabağ Azərbaycanındır. Çoxları artıq bu cür düşünür, amma hələ açıq deyə bilmir. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyi Paşinyana dözümlü yanaşmalarının əsas səbəbidir. Əslində Paşinyan onların istəklərini həyata keçirir. Lakin bir şeyi yadda saxlamalıyıq ki, erməni cəmiyyətinin əksəriyyəti hələ də ”Qarabağ xülyası"ndan , “Böyük Ermənistan” xəstəliyindən xilas ola bilməyib, istənilən an bu kartdan istifadə oluna bilər. Rusiya bu kartı işə salıb kütləvi hərəkata təkan verə, ortaya bəhanə ata bilər".

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!