Xorvatiyanın Split şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatına gedən idmançılarımızın yoxa çıxması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb. Sportinfo.az xəbər verir ki, atletlərimizin oteli tərk etdikləri, yarışlara getmədikləri və iki gündür polis tərəfindən axtarıldıqları bildirilir.
Mənbənin məlumatına görə, idmançıların itkin düşməsi yerli televiziyaların əsas xəbərinə çevrilib. Məlumatı dəqiqləşdirmək üçün Ağır Atletika Federasiyası ilə əlaqə saxladıq. Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev virtualaz.org-a açıqlamasında məlumatın yanlış olduğunu, komanda üzvlərinin bir həftədir Bakıda olduqlarını dedi. Həmçinin qeyd etdi ki, atletlər hazırda komandanın məşq bazasındadırlar və görünür, polisdə hansısa anlaşılmazlıq yaranıb:
“Bizim atletlərimiz aprelin 1-i axşamdan Bakıdadılar. Nümayəndə heyətimiz Xorvatiyada səfərdə olub. Lakin orada komandanı riskə atmamaq üçün qərar qəbul edilib ki, qarşıdakı İslam Oyunlarında iştirak etsinlər. Bizim idmançılarımız da gedib geri qayıdıblar. Əgər Split polisi atletlərin pasport yoxlanışından sonra sərhədi keçərək geri qayıtdıqlarını görə bilmirsə, nə deyək?”.
Oteldə cəmi bir gün qalaraq “yoxa çıxan” azərbaycanlı idmançıların adları məlum olub. Bunlar Oktay Muxtarov, Məhəmməd Məmmədli, Kamran İsmayılov, Elnur Hüseynov, İsa Rüstəmov, Hüseyn İsmayılov və İlham Məmmədovdu. Məlumata görə, adıçəkilən idmançılar martın 31-dən aprelin 1-dək oteldə otaq tutublar, amma yalnız bir gün – martın 31-də otaqda qalıblar.
Azərbaycanın Ağrlıqqaldırma Federasiyasından virtualaz.org-a bildirildiyinə görə idmançıların Xorvatiyadan qəfil geri qaytarılması qərarı onların gücünü qarşıdakı İslam Oyunları üçün qorumaq məqsədi ilə bağlı olub. Lakin nədən Federasiya bu qərarı idmançıları Xorvatiyaya göndərəndən sonra belə qəfil verib, anlaşılmır.
Xorvat jurnalistlər isə ehtimal edirlər ki, azərbaycanlı idmançılar dopinq testindən qorxduqlarına görə belə addım atıblar. Xorvatiya Ağırlıqqaldırma Federasiyasının baş katibi Jakša Ivanišević deyib ki, adıçəkilən idmançılar Split şəhərindəki "Rodisson" otelində 1 gün qalıblar, daha sonra yarışmanın qeydiyyat məntəqəsində qeydiyyata düşüblər və bundan sonra onlarla əlaqə yaratmaq mümkün olmayıb.
Amma baş katib dopinqlə bağlı deyilənlərə inanmadığını da əlavə edib: "Mən bu deyilənlərə inanmıram. Əgər onların dopinqlə bağlı belə bir narahatçılığı olsaydı, elə ilk gündən Splitə gəlməzdilər. Ola bilsin ki, başqa bir səbəb var. Dəqiq heç nə deyə bilmərəm".
Azərbaycan Ağır Atletika Federasiyası isə Azərbaycan idmançılarının dopinq testdən keçməkdən yayındıqları ilə bağlı deyilənləri əsassız sayıb. Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev deyib ki, Xorvatiyaya cəmi iki idmançı yollanıb və sonradan geri çağrılıblar:«Xorvatiyada çempionat keçirilir. May ayında Bakıda IV İslam Həmrəyliyi Oyunları olacaq. Ağırlıqqaldırma növü bu oyunlarda da yarışlar sırasına daxil edilib.
Belə qısa müddət ərzində iki yarışda var güclə iştirak etmək çətindir. Odur ki, Xorvatiyaya nisbətən ehtiyat variantda olan idmançıların getməsi qərara alındı. Nəticədə Xorvatiyaya iki nəfər idmançının getməsi məqbul sayıldı. Son anda isə Xorvatiyaya yarımçıq heyətin getməsi də məqbul sayılmadı və onlar da geri çağırıldılar".
K.Məstəliyev də qeyd edir ki, həmin idmançılar Xorvatiyada qeydiyyata düşüblər. Amma onların son anda yarışlara qatılmamaları qətiyyən onların dopinqdən qorxmaları ilə bağlı deyil: «Yəqin ki, çempionata gedən komanda təkcə yarışda iştirak etməyi nəzərdə tutmur. Həm də dopinq-test olacağını da bilir və buna da hazırlaşır. Odur ki, bu barədə deyilənləri əsassız sayıram».
Məstəliyev deyir, son anda Məşqçilər Şurası bu qərarı qəbul etdi ki, ölkənin ağır atletika komandası Həmrəylik Oyunlarına var gücü ilə qatıla bilsin. Amma nədənsə, Xorvatiya Ağırlıqqaldırma Federasiyasının baş katibi J.Ivanišević Azərbaycanın bu qəfil geriçəkilmə qərarının ona bəlli olmadığını deyir.

