Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku start götürüb. Sportinfo.az xəbər verir ki, yarışda ölkəmizi Murad Ağarzayev, Bense Talas, Mariya Smirnova, Marina Nekrasova, Yekaterina Tişkova və Yuliya İnşina təmsil edir. Göründüyü kimi, heyətdə Rio-2016-nın iştirakçısı Oleq Stepkonun adı yoxdu.
Yığmanın liderinin turnirə qatılmaması səbəbsiz deyil. Ukraynalı idmançı şəxsi səbəblərdən vətəninə yollanıb. Onun nə vaxt ölkəmizə qayıdacağı bilinmir. Bəlkə də birdəfəlik Azərbaycandan ayrılıb. Əslində şəxsi məşqçisi Pavel Netreba və həmyerlisi Pyotr Paxnyuk vətənlərinə qayıdarkən Stepkonun da burda çox qalmayacağını güman etmək olardı.
Paxnyuk Ukrayna mətbuatına bu yaxınlarda verdiyi müsahibədə AGF-nin gimnastikanın inkişafı üçün böyük addımlar atdığını, dövlət səviyyəsində bu idman növünə qayğı olduğunu dilə gətirsə də, bəzi şəxslərin yaratdığı maneələri də dilə gətirmişdi. İstisna etmək olmaz ki, Paxnyuk da bu üzdən yenidən vətəninə qayıtmaq qərarına gəlib.
Oleqi də Rio-2016-dakı uğursuzluqdan sonra belə təhlükə gözləyirdi. Bədii gimnastika yığmamızın baş məşqçisi Mariana Vasilyeva ilə münaqişə yaşayan idmançı bəlkə də bu “müharibə”nin qurbanı olub. Stepkonun yerinə isə başqa legioner gətirilib. Bu, Dünya Kubokunda millimizin heyətində debüt edəcək Bense Talasdı. Millimizin baş məşqçisi Rza Əliyev “vestnikkavkaza.net” saytına bunları deyib:
“Yenilik etməyimizə qaydalardakı dəyişiklik səbəb oldu. Bu ildən qüvvəyə minən qaydalara uyğun proqram tərtib etdik. Bunun üzərində 2 ay çalışmışıq. Ölkəmiz kişilərin yarışında 2 gimnastla təmsil olunacaq. Ağarzayev gənclərdən böyüklərə yeni keçib. Qarşıdakı yarış onun debütü olacaq. Bu üzdən bir qədər həyəcanlanır. Talas isə yığmamızın yeni legioneridi. Qarşıdakı turnirə daha təmkinlə hazırlaşır. Ümid edirik ki, onlar bu məsul sınağı uğurla bitirəcək”.

