Azərbaycanın gimnastika üzrə 5 təmsilçisi yeni hakimlik dərəcəsi əldə edib. Sportinfo.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin dərəcələr Polşanın paytaxtı Varşavada və Bakıda keçirilmiş kurslarda qazanılıb.
Varşavada akrobatika gimnastikası üzrə qitələrarası hakimlik kurslarında iştirak edən İradə Qurbanova 4-cü hakimlik dərəcəsi əldə edib. Bakıda keçirilən kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarında isə Xəlil Hüseynov, Əhməd Ağayev 3-cü, Uğur Xəlilbəyli və Şakir Şıxaliyev isə 4-cü hakimlik dərəcəsi əldə ediblər.
Bu kateqoriyalar hazırkı Olimpiya dövrü ərzində (2017 - 2020) qüvvədə olacaq. Kişi idman gimnastikası üzrə azərbaycanlı hakim Rza Əliyev ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasının sahibidir.

