COP29

"Qızıl"a rəqiblərimə nisbətən bir addım daha yaxınam"

30 Mart 2019 13:24 Ağır atletika 279
"Qızıl"a rəqiblərimə nisbətən bir addım daha yaxınam"

"Ən böyük hədəfim olimpiadalarda qızıl medal qazanmaqdr.

Bunu reallaşdıraraq "3-lüy"ü tamamlayacam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.

29 yaşlı idmançı yeni mövsüm üçün hazırlığının Antaliyadakı Belek Turizm Mərkəzində sıx qrafiklə davam etdiyini bildirib.

Quliyev mayın 5-də Qətərin paytaxtı Dohada keçiriləcək Brilliant Liqa yarışı ilə yeni mövsümə başlayacağını söyləyib.

Atlet Brilliant Liqadan savayı, 27 sentyabr - 6 oktyabrda Dohada təşkil olunacaq dünya çempionatınadək digər turnirlərə də qatılacağını deyib:

"Ümid edirəm ki, bu il yaxşı keçəcək. Təbii ki, bütün hazırlıqlarımı 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün edirəm".

Son dünya çempionatının qalibi olan idmançı bu nəticənin ona hər hansı bir təzyiq yaratmayacağını bildirib:

"Builki dünya çempionatında rahat yarışacam. Qızıl medala rəqiblərimə nisbətən bir addım daha yaxınam və yenidən bu uğuru təkrarlamaq üçün çalışıram".

Quliyev ciddi bir zədə ilə qarşılaşmayacağı təqdirdə, ən azı daha 8 il karyerasına davam edəcəyini sözlərinə əlavə edib:

"Tokio-2020" son olimpiadam olmayacaq. Karyerama davam edəcəyəm. 2020-ci ildən sonra daha bir olimpiada görəcəyimə inanıram".

Təcrübəli atlet karyerasını başa vurduqdan sonra idman mərkəzi açmaq istədiyini də diqqətə çatdırıb:

"Bakıda Respublika Olimpiya İdman Liseyində təhsil almışam. Orda bütün idman növləri üzrə dərslər keçilirdi.

Həm idman, həm də təhsil eyni yerdə idi. İdmanla təhsilin birgə olması çox önəmlidi. Təhsil, idman və digər bütün ehtiyaclar eyni yerdə olmalıdı.

Bundan sonra idmançılar uğurlar qazana bilər. Türkiyədə belə bir idman mərkəzi açmaq istəyirəm".

Xəbər Lenti