"Bakıda gimnastika yığmaları üçün əla şərait yaradılıb və tez-tez bura gəlmək istərdik" - Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstanın idman gimnastikası üzrə millisinin baş məşqçisi Aleksandr Kim deyib. Onun sözlərinə görə, Qazaxıstan Dünya kubokunda milli yığmanın 4 gimnastı ilə təmsil olunacaq:
"Bizim komanda ilk dəfədi ki, Bakıda keçiriləcək Dünya kubokunda iştirak edir. Buraya Azərbaycan Gimnastika Federasiyasının dəvəti ilə gəlmişik. Azərbaycan Gimnastika Federasiyası ilə çox yaxın əlaqələrimiz var. Bədii gimnastika üzrə təmsilçilərimiz tez-tez buraya gəlirlər. Burda çox yaxşı şərait var. Əgər uğurla çıxış edə bilsək, Azərbaycana daha tez-tez gələcəyik".
A.Kim bildirib ki, Qazaxıstan idmançıları Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydalarına əsasən yeni proqramla çıxış edəcəklər: "Bakıda artıq bir həftədir ki, məşq edirik. Məşq üçün yaradılmış əla şəraitə görə, təşəkkür edirik. Biri-birimizə baxaraq və nəyisə öyrənərək məşq etməyimiz çox yaxşıdı".
16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.
Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.
Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.
Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.
Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.9

