Stuxlikin yersiz inadı klubların “başında çatlayır”

7 Mart 2020 14:36 Türkiyə 556
Stuxlikin yersiz inadı klubların “başında çatlayır”

Çempionat sona yaxınlaşdıqca əsəblər tarıma çəkilir.

Bu, həm futbolçulara, həm texniki zonada yer alan məşqçilərə, həm də oyunu idarə edən hakimlər briqadasına aiddi. Bu üzdən bəzən referilər elə kobud səhvlərə yol verirlər ki, kənardan baxanda onların futboldan xəbərinin olmadığı təəssüratı yaranır.

19-cu tur da bu yöndə istisna olmadı. “Qarabağ” – “Sabah” matçında biabırçı idarəçilik son turda daha çox müzakirə olundu. Laysmanın vaxtında oyundankənar vəziyyəti düzgün dəyərləndirməməsi, baş hakimin vermədiyi penaltilər və ən əsası, meydan sahiblərinin vurduğu “təmiz” qolun qeydə alınmaması tura möhürünü vurdu.

ELÇİN MƏSİYEV, Qarabağ - Sabah
Qurban Qurbanovun da qarşılaşmadan sonrakı mətbuat konfransında dediyi kimi, hakimlər oyun ərzində ciddi səhvlərə yol verdilər. Azı iki, hətta üç epizodda Məsiyevin şübhəli qərarları oyunun nəticəsinə təsir etdi. “Sabah”ın çəkdiyi əziyyətə də hakimlərin belə qərarları kölgə saldı. Filip İvanoviç Xayme Romeronun topsuz ayağına zərbə vursa da, hakimlər nə penaltini, nə də ötürmədən əvvəlki oyundankənar vəziyyəti düzgün qiymətləndirə bildilər. 90-cı dəqiqədə vurulan və sayılmayan qol da, Bəhlul Mustafazadənin Kvabena Ovusunu cərimə meydançasında yerə sərməsi də mübahisəli epizodlar sırasına yazıldı. Bütün bunlar onu göstərir ki, Frits Stuxlikin FİFA referilərini birinci diviziona göndərib, gənc və təcrübəsiz hakimləri bu cür oyunlara “ezam etməsi” yanlış addımdı. Çünki cəmi iki həftə əvvəl də bu hakimlər briqadası “Neftçi” – “Keşlə” qarşılaşmasında kobud səhvlərə yol vermişdi. Deməli, nəticə çıxarmaq vaxtıdı.

ORXAN MƏMMƏDOV, Zirə - Qəbələ
Hesabat turunda sıralanan hakim səhvlərinin sırasında Orxan Məmmədovun da "danılmaz əməyi" oldu. Təcrübəli referi artıq ilk dəqiqələrdən tez-tez fitini səsləndirir, bununla da oyunun tempini aşağı salırdı. Ən ciddi nöqsanı isə "Zirə"nin qolu zamanı nəzərə çarpdı. Qarışıqlıq zamanı top İlkin Muradovun əlinə dəymişdi ki, epizodun davamı qolla nəticələndi və qeydə alındı. Videotəkrara baxanda "8” nömrənin əllə oynadığı açıq-aşkar görünür. İki epizodda oyundankənar vəziyyətə görə bayrağını havaya qaldıran köməkçilərinin qərarında da ciddi şübhə vardı. 71-ci dəqiqədə Qiqaurinin düz yan xətt hakiminin gözü qarşısında Qadzeyə qarşı kobud oynayıb qaradərilini yerə sərməsi də aşkar qayda pozuntusu idi. Lakin Orxanın fiti susdu. Qısası, Məmmədov yükün altından lazımınca çıxa bilmədi.

KAMAL UMUDLU, Sumqayıt – Keşlə
Turun ən məhsuldar və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmasında Kamal nəticəyə təsir edən səhvlərə yol verməsə də, oyunu mükəmməl idarə etdiyini də demək olmaz. Baş hakim 28-ci dəqiqədə qonaqların lideri Sezar Meza Kolliyə sarı vərəqə göstərdi. Halbuki həmin an “kimyaçılar”ın futbolçusu ona qarşı kobud oynamışdı. Lakin referi epizodu gözdən qaçırdı və bu da paraqvaylı yarımmüdafiəçini əsəbləşdirdi. Hakimə bir qədər kobud şəkildə etiraz edincə isə “sarı” ilə “mükafatlandırıldı”. 77-ci dəqiqədə Umudlu Sezara simulyasiyaya görə mütləq sarı vərəqə göstərməliydi. Epizodun təkrarından da görünür ki, Camaləddin Xocaniyazov cərimə meydançasında rəqib futbolçuya toxunmamaq üçün hətta ayağını da bir qədər yığışdırır. Həmin an referi əlini cibinə atıb vərəqə çıxarmaq istəsə də, bir anlıq duruxdu. Başa düşdü ki, ikinci “sarı” Sezarın qovulması və növbəti oyunu buraxması deməkdi. Bu üzdən Kamal cəsarət tapıb əlini cibinə atmadı. Görünür, ədalət təmsilçisi paraqvaylıya göstərdiyi ilk vərəqədə səhvə yol verdiyini sonradan anlamışdı. İkinci dəfə onu cəzalandırmaq istəmədi və bununla da bir növ özünü “sığotaladı”.”Kapital Bank Arena”da baş tutan görüşdə laysmanlar da inamsız təsir bağışladılar. Xüsusilə də Eyyub İbrahimov. Yan xəttt hakimi 90 dəqiqə boyunca dəfələrlə aut qərarlarını səhv verməklə istər futbolçuların, istərsə də azarkeşlərin əsəbləri ilə oynadı. İbrahimov ya sürətli oyunla ayaqlaşmayaraq özünü itirdiyindən belə səhvlərə yol verdi, ya da onun görmə qabiliyyətində problem var.

SƏBUHİ BAYRAMOV, Neftçi – Səbail
Küləkli havada keçən görüşdə Bayramov ciddi nöqsanlarla yadda qalmadı. Düzdü, bəzən köməkçiləri ilə anlaşmada səhvlər gözə dəydi. Ancaq ümumilikdə hakimlər briqadası oyunun öhdəsindən gəlməyi bacardı. Hər iki komandanın üzvlərinə göstərilən vərəqələr də düzgün, yerində atılmış addım idi.

RƏŞAD

Digər Xəbərlər
Xəbər Lenti