Bakıda VACİB müqavilə

15 Fevral 2020 10:38 Tokio-2020 791
Bakıda VACİB müqavilə

Milli Olimpiya Komitəsi (MOK) və Milli Paralimpiya Komitəsi (MPK) arasında Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları ilə bağlı əməkdaşlığa dair memorandum imzalanıb.

Milli Olimpiya Komitəsindən Sportinfo.az-a verilən məlumata görə, MOK-un binasında təşkil olunan tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, MPK prezidenti İlqar Rəhimov, komitələrin digər rəhbər işçiləri ilə yanaşı, müxtəlif idman qurumlarının rəsmiləri də iştirak ediblər.

Azərbaycanın olimpiya və paralimpiya tarixində ilk dəfə baş tutan rəsmi əməkdaşlıq əsasən Tokio-2020-nin, həmçinin bu yarışda Azərbaycanı təmsil edəcək olimpiya və paralimpiya komandalarının birgə təbliğ və təşviqinə xidmət edir. Memorandum əsasən marketinq, sosial media, könüllülük xidməti, komandalar üçün vahid idman geyim dəstinin hazırlanması kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Oyunların və komandaların təbliği ilə təşviqində aparıcı rol MOK-a məxsus olacaq. Bu işdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında əldə edilmiş təcrübənin tətbiqi planlaşdırılır. Hətta Tokio-2020 üçün bu istiqamətdə xüsusi strategiya hazırlanıb və Minsk 2019 II Avropa Oyunlarında sınaqdan keçirilib.

Ç.Hüseynzadə MOK-un əvvəlki illərdə bir sıra idman federasiyaları ilə olan əməkdaşlığına toxunub. O, 2017-ci ildə Bakıda təşkil edilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi, 2018-ci ildə Beynəlxalq Velosipedçilər İttifaqının BMX üzrə dünya çempionatı kimi nüfuzlu idman tədbirlərində milli komandalarının təbliğat kampaniyasının təşkilində aidiyyatı idman federasiyalarının göstərdiyi köməkliyi xüsusi vurğulayıb.

Tokio-2020 çərçivəsində baş tutmuş əməkdaşlığı yüksək qiymətləndirən vitse-prezident hər iki komitə üçün bu sazişin faydalı və uğurlu olacağına ümid etdiyini söyləyib.

İ.Rəhimov isə Yay Paralimpiya Oyunlarına ümumi hazırlıqdan, həmçinin tərəflər arasında imzalanmış memorandumun tarixi əhəmiyyətindən danışıb. MPK prezidentinin sözlərinə görə, mühüm idman ilində komitələr arasında baş tutmuş belə bir əməkdaşlıq ölkədə olimpiya və paralimpiya hərəkatının daha effektiv təbliği, həmçinin yaşından, cinsindən və sağlamlıq imkanlarından asılı olmayaraq daha çox sayda əhalinin bədən tərbiyəsi və idmana cəlb edilməsinə güclü təkan verəcək.

Ç.Hüseynzadə Tokio-2020 ilə bağlı bir sıra tədbirlərin keçiriləcəyini bildirib. Olimpiada tarixində ilk dəfə yarışlar zamanı dünyanın bəzi ölkələrində olimpiya festivalı keçiriləcək. "Azərbaycan da festival keçirilməsi üçün seçilən ölkələr sırasındadır" deyən vitse-prezident qarşıdakı olimpiadada Bakıda keçiriləcək festival tədbirlərinin yaddaqalan olacağını vurğulayıb.

Azərbaycan hələlik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına 11, Yay Paralimpiya Oyunlarına isə 7 lisenziya qazanıb. Olimpiada 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda olacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda