Nəvaxtsa "Neftçi"nin baş məşqçisi olmaq istərdiz?

15 Oktyabr 2022 02:20 Sizdən Bizə 1 272
Nəvaxtsa "Neftçi"nin baş məşqçisi olmaq istərdiz?

Sportinfo.az Estoniya millisinin, "Neftçi", "İnter" (hazırkı "Şamaxı") və "Rəvan"ın sabiq müdafiəçisi Dmitri Kruqlovun müsahibəsini təqdim edir:

- Hazırda nə işlə məşğul olursunuz?

- Futbol sahəsində çalışıram. "Levadiya"nın U-17 komandasına rəhbərlik edirəm.

- Azərbaycan Premyer Liqasını izləmək imkanınız olur?

- Demək olar ki, yox. Uşaqlarla görüləsi iş çox olduğundan boş vaxt tapmaq mümkün deyil. Çempionatınızla bağlı yalnız onu bilirəm ki, "Qarabağ" - "Neftçi" matçları gərgin və maraqlı keçir. Stadiona ən çox azarkeş də məhz bu görüşlər zamanı gəlir.

- Azərbaycanda 3 klubun formasını geyinmisiniz. Buradakı karyeranızı necə xatırlayırsınız?

- "Neftçi" və "İnter"də hər şey yaxşı alındı. "Rəvan" isə karyeramda uğursuz səhifədir. Orada işlər istədiyim kimi getmədi. Zaman keçdikdə insan ancaq yaxşı şeyləri xatırlayır.

- Bu 3 komandadan hansını özünə daha doğma hesab edirsən?

- "İnter"də də məni hər şey qane edirdi. Amma bu suala "Neftçi" cavabını verərdim. Bu komanda mənə daha yaxın və doğma idi.

- Yəqin, "Neftçi"nin son illərdəki çıxışından xəbəriniz var...

- Hə, bilirəm. Arzuolunan səviyyədə deyil. Bu cür tarixi olan komanda daha yaxşısına layiqdir.

- Artıq neçə ildir ki, "Qarabağ" ölkə çempionatında hegemonluq edir...

- "Qarabağ" səviyyəni həddindən artıq yuxarı qaldırıb. Bu komanda göstərdi ki, onlarla rəqabət aparmaq üçün nəyə can atmaq lazımdır.

- Gələcəkdə Azərbaycana baş məşqçi kimi qayıtmağı planlaşdırırsınız?

- Təxribatçı sualdır (gülür).

- Məsələn, nə vaxtsa "Neftçi"nin baş məşqçisi olmaq istərdiniz?

- Futbolda hər şey mümkündür. Yaşayarıq, görərik.

- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Estoniya, Belçika, Avstriya və İsveçlə eyni qrupa düşdü. Qrupu necə dəyərləndirirsiniz?

- Yaxşı qrupdur. Hesab edirəm ki, maraqlı oyunlar olacaq. Favorit Belçikadır. Digər 4 komanda öz aralarında 2-ci yer uğrunda mübarizə apara bilər.

- Necə düşünürsünüz, Azərbaycan yığması Belçikadan xal və ya xallar qopara bilər?

- Belçik millisi güclü komandadır. Amma sən ən yaxşı günündəsənsə, hər şey ola bilər.

- Avstriya və İsveç yığmaları ikinci yerə əsas namizəd hesab olunurlar. Sizcə, qrupun autsayderi hansı komandadır: Azərbaycan, yoxsa Estoniya?

- İsveç millisi (gülür).

- Bəs, reallığa qalsa...

- Bunu gələn ilin oktyabrında görəcəyik.

- Səhv etmirəmsə, Estoniya və Azərbaycan ilk dəfə hansısa rəsmi oyunda üz-üzə gələcək. Rəqibiniz barədə nə deyə bilərsiniz?

- Azərbaycan bizim üçün yaxşı rəqibdir. Ümumiyyətlə, millimiz bütün komandalara hörmətlə yanaşır.

- Bu iki komandanın mübarizəsində hansının şansı daha çoxdur?

- Fikrimcə, şanslar bərabərdir. Çox şey komandaların oyunlara hansı heyətlə və necə çıxmasından asılı olacaq.

- Estoniya UEFA Millətlər Liqasının D Divizionunda 4 oyundan maksimum nəticə toplayaraq, C Liqasına yüksəldi. Yığmanın hazırkı durumunu qənaətbəxş saymaq olar?

- Son matçlarda qələbə qazanmışıq. Bu mənada, komandanın çıxışını və vəziyyətini yüksək qiymətləndirərdim. Qarşıda duran hədəflər haqqında isə qoy, futbolumuzu idarə edənlər danışsınlar.

- Azərbaycanda Estoniya ilə oyunlara 6 xal gözü ilə baxılır...

- Nədənsə, mənə elə gəlir ki, bizdə də belədir. Biz də yığmanızla matçlarda maksimum nəticə qazanmaq istəyirik. Dediyim kimi, bizi maraqlı oyunlar gözləyir (report).

Digər Xəbərlər
Xəbər Lenti