"Sabah”ın geridə qalan mövsümdə "Şamaxı”da icarə əsasında oynayan futbolçusu Kamran Quliyev gözləmədiyi halla üzləşib.
Sportinfo.az xəbər verir ki, Bakı klubu mövsüm bitəndən sonra icarə müddətini başa vurub qayıdan Quliyevi əvəzedici heyətə göndərib.
Məsələni dəqiqləşdirmək üçün futbolçunun özüylə danışdıq (qaynarinfo).
"Bu münasibəti heç gözləmirdim. Geridə qoyduğumuz mövsümdə 33 oyuna çıxdım, 5 qol vurdum, iki məhsuldar ötürmə verdim.
Əlimdən gələni etməyə çalışdım ki, komandam yaxşı mübarizə aparsın, daha yüksək yerləri tutsun.
Uğur qazana bilmədik, bu, başqa mövzudur. "Sabah”ın ikinci komandasına göndərməklə, mənə qarşı haqsızlıq etdilər.
Bunları kimə danışsam, eyni reaksiyanı verir. Çünki heç kim bunu gözləmirdi.
Şəxsən mən yay tətilində belə məşqlərimi davam etdirirdim ki, "Sabah”ın toplanışına yaxşı formada qoşulum.
Bəzi oyunçuların Avstriyaya getmək üçün viza aldığını eşitdim və mənim o siyahıda olmadığımı başa düşdüm.
Tam əmin olmaq üçün menecerimlə danışdım. O da rəhbərliklə əlaqə saxladı, cavabları belə oldu ki, mən onların gələcək planlarına daxil deyiləm.
Bir neçə gündən sonra "Sabah”dan mənimlə əlaqə saxlayıb toplanış siyahısında adımın olmadığını, yəni, nə məşqlərə qoşulacağımı, nə də Avstriyaya gedəcəyimi, bu səbəbdən ikinci komandaya göndəriləcəyimi dedilər.
Bu xəbərdən sonra dilim-damağım qurudu, çünki gözləmirdim. "Şamaxı”da oynayanda, "Sabah”a qarşı pis heç nə etməmişəm.
Məşqçilər korpusuna, futbolçulara, yaxud rəhbərliyinə qarşı nə artıq-əskik danışmışam, nə hörmətsizlik etmişəm.
Onlara qarşı pis fikrim olmayıb. Həmişə "Sabah”ı dəstəkləmişəm. Hər qələbə zamanı əlaqə saxlayıb təbrik edirdim.
"Şamaxı”da oynadığım müddətdə, bir neçə dəfə həftənin oyunçusu seçildim. Pis mövsüm keçirdiyimi düşünmürəm.
Bəlkə də mövqe baxımından məni komandada görmək istəmirlər. Yenə də düşünürəm ki, ən azı təlim-məşq toplanışına aparılmalı idim.
Sonra verdikləri qərarı anlamaq olardı. Amma ən başdan silmək adama pis təsir edir. Təkliflərə açığam, menecerlərlə danışırıq.
Bəzi klubların mənimlə maraqlandığını eşitmişəm, amma hələ ki, rəsmi təklif yoxdur. Qismətdi, bizim də taleyimizə belə yazılıb.
Amma sözümdən dönmürəm, yəni, buna layiq olduğumu düşünmürəm. İnşallah yaxşı olar. Başqa nə deyə bilərəm ki?”

