Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin sensasiyası Masazırda qeydə alındı.
Ay «Partizan» elə, ay «Partizan» belə… «Sabah» vayına oturdu.
Göylərdə uçan serbləri bu balaca qəsəbədə götürüb yerə çırpdı.
Murad Musayevin ünvanına nə tərif söyləsəm, vallah, azdır. İşi və komandası ilə hər birimizi qürurlandırdı. Fəxr etdik ki, Azərbaycanın belə bir komandası var.
Proqnozlar tam əksi idi. Hansı eksperti dindirirdin, «Partizan»ın böyükhesablı qələbəylə Belqrada dönəcəyini deyirdi.
Musayev və futbolçuları isə meydanda sübut etdi ki, sən saydığını say, gör, biz nə sayırıq!
«Sabah» qarşılaşmanı əvvəldən-axıra öz kontrolunda saxladı. Bu qədər qol vəziyyətləri, bu qədər qaçan fürsətlər, tora qovuşmayan penalti zərbəsi…
«Partizan» yuxusunu qaçırmamışdı, ancaq zənn edirdilər ki, bu bir yuxudur və «Sabah» son anadək ayılmağa qoymadı onları.
Hesab olmalıydı 3:0, 4:0. Yenə 2:0 əla nəticədir və həlledici matç öncəsi mühüm üstünlükdür.
Aleksey Kaşuk «Sabah» döyünən ürəyi, Coy Lens Mikels vuran ayağı idi.
Ukraynalı yarımmüdafiəçi müqavilə məxsus olduğu "Şaxtyor"a qayıtdı, almaniyalı hücumçu isə Ərəbistana getmək üçün dünən meydana çıxmaqdan imtina etdi.
Aparıcı fiqurlarını itirmək mənasında sıxıntılı dönəmdən keçən Murad Musayevin hər şeyə rəğmən, «Sabah»a bu cür intizamlı, əzmkar, istəkli və baxımlı futbol oynatması ən xoş sözlərə layiqdir.
Sadəcə, bravo!
ELXAN

