Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq “Partizan” artıq Bakıdadır.
Rəqibin heyətində ən diqqətçəkən ad təbii ki, Mateus Saldanyadır.
Ötən mövsümün ikinci yarısında “Neftçi”nin şərəfini qoruyan, klubla icarə müqaviləsi olmasına baxmayaraq, ötən ay müəmmalı şəkildə yoxa çıxan braziliyalı forvard.
23 yaşlı hücumçu qısa müddətdə “Partizan” azarkeşlərinin sevgisini qazanmağı bacarıb. Serbiya çempionatında meydana çıxdığı 2 oyunda 2 qolla yadda qalıb. “Voyvodina” ilə avqustun 6-da baş tutan matçda start heyətində yer alıb.
Ehtimal olunur ki, “Sabah”la qarşılaşmada da ilk “11-lik”də şans qazanacaq.
Saldanya hazırda özünü Bakıda necə hiss edir, deyə bilmərik. Dəqiq bildiyimiz odur ki, “Sabah”la “Neftçi”nin eyni gündə meydana çıxması Mateusun üzünü güldürüb.
Avqustun 10-da “Neftçi” “Beşiktaş”ı qəbul etməsəydi, bir qrup ağ-qara azarkeş Masazıra yollanıb, “Bank Respublika Arena”nı “Partizan”ın “11 nömrəsi” üçün “cəhənnəmə çevirəcəkdi”.
Ancaq istənilən halda tribunalardan təzyiq görəcək. Çünki, Mateusun “Neftçi”yə göstərdiyi münasibətdən azərbaycanlı fanatlar xəbərdardır. Bu fakt rəqibin hücumçusuna təzyiq göstərməyə kifayət edir.
“Sabah” – “Partizan” oyunu avqustun 10-da saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

