İndi rahat-rahat oturub... “Partizan” planı

6 Avqust 2023 23:40 Sabah 837
İndi rahat-rahat oturub... “Partizan” planı

"Sabah" tarixində ilk dəfə qatıldığı avrokuboklarda mərhələ adlamağı bacardı.

Konfrans Liqasında mübarizə aparan təmsilçimiz üçün bu, heç də asan başa gəlmədi.

Hətta səfərdə Latviya çempionu RFS üzərində 2:0 hesablı inamlı qələbədən sonra da qeyd etmişdim ki, arxayınlaşmaq olmaz.

Çünki ilk 90 dəqiqə latviyalıların nə qədər bərk, intizamlı komanda olmasını əyani göstərmişdi.

Davamı Masazırda oldu. Qarşılaşmaya inamlı başlayan qonaqlar real qol epizodları yaratmaqda çətinlik çəksələr də qısa müddətdə meydanda üstün tərəf olmağı bacardılar.

Xüsusi ilə Amil Seydiyevin cinahından gələn hücumlar təhlükə saçırdı. Tez-tez top itkilərinə yol verən Murad Musayevin yetirmələri yaxşı əks-hücum şanslarını qaçırmış olurdular.

Bunu bacardıqları epizodda isə Vinset Till əla imkanı bərbad zərbə ilə tamamladı.

34-cü dəqiqədə Andrey İliç qırmızı vərəqə ilə meydandan qovulanda RFS üçün bütün ümid qapılarının bağlandığını ehtimal etmək olardı.

Amma sən saydığını say, gör, Viktor Morozun yetirmələri nə sayır.

İkinci yarı azlıqda qalan rəqib daha iddialı başladı.

Bu, həm də RFS-nin ifasında təcrübənin avrokuboklarda nə qədər önəmli olmasının əyani isbatıydı.

Bir epizodda uzaqdan vurulan zərbənin qol olmaması, sadəcə şansla bağlıydı.

Amma 67-ci dəqiqədə şans da "Sabah"ın dadına çatmadı. Yanus matçda hesabı açdı.

Bundan sonra Murad Musayevli ehtiyat skamiyada və onun meydandakı yetirmələrində yaranan narahatlığı sezməmək mümkün deyildi.

Lakin Musayev 2 dəqiqə sonra Anatoli Nuriyev və Jarl Marqaritanı döyüşə atmaqla həmin həyacanı boğa bildi.

Və bundan sonra rəqib zonadan yaranan boşluqları qol epizodlarına çevirmək mümkün oldu.

Amma gah qeyri-dəqiqlik, gah da Mikels və Epahın xəsisliyi qol imkanlarının qaçırılmasına səbəb olurdu.

"Vurmayana vurarlar" prinsipi beyində var-gəl edirdi ki, Mikels yaxşı zərbə ilə "Bank Respublika Arena"da toplaşanları ayağa qaldırdı.

Sona yaxın Epahın ifasında daha bir qol vuran "Tələbələr" reytinq xalı üçün qızıla bərabər qələbəni təmin etmiş oldu.

İndi isə rahat-rahat oturub, "Partizan"la oyunun planların cızmaq olar.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti