İstənilən sahədə uğurun açarı təcrübədir.
O oldusa, işlər yağ kimi gedəcək.
Hə, ola bilər, ilk vaxtlar bir az səndirləmə olsun, bu da müvəqqətidir. Təcrübə varsa, daşlar yerinə oturacaq.
“Sabah” avrokuboklarda ilk dəfədir yarışır. Konfrans Liqası klubun həyatında yeni mərhələdir. Tam başqa bir mərhələ.
Murad Musayev RFS-lə Masazırdakı cavab qarşılaşmasından öncə ona ünvanlanan suala “zarafat edirsiz” sualı ilə cavab vermişdi. “Şanslar yenə 50/50-yədir” demişdi.
Özbək kökənli rusiyalı baş məşqçi komandasının gücünə inanırdı.
Sadəcə, o, avrokuboklara ilk dəfə çıxmağın həyacanını yaşayan futbolçularının psixoloji baryerə ilişib qalmasından narahat idi və biz ötən axşam bu əndişənin təsadüfü olmadığına əyani şahidlik etdi.
Latviya klubu öz meydanında edə bilmədiyini, 0:2-nin revanşını almaq üçün Masazırda bütün bacarıqlarını sərgilədilər. Yaxşı da oynadılar, hesabı da açdılar.
İlk hissənin ortasından etibarən say azlığında qalmaqlarına, baş məşqçiləri Viktor Morozun texniki zonadan atılmasına rəğmən.
Musayev bu anlarda özünə itirmədi, içindəki rahatlığı simsiz teleqraf kimi oyunçularına ötürdü, ruh düşkünlüyünün yaranmasını önlədi.
Drijorun əl və göz reaksiyası qarşılaşmanın məcrasını təkrar “Sabah”ın lehinə dəyişdi, fərdi ustalıq işin içinə girdi və budur, geridönüş!
İndi növbəti rəqib “Partizan”dır. Serbiyadan olan adlı-sanlı komandanı keçməyə çalışacaqlar.
Ən azından Murad Musayev yatmayacaq, bunun formulunu tapmaq istəyəcək.
Alınsa da, alınmasa da, fikrimcə, “Sabah” artıq maksimum vəzifənin öhdəsindən gəlib. Hər halda gerçəklik deyilən bir şey var, adam gərək ayağını yorğanına görə uzatsın.
ELXAN

