Murad Musayev ölkəmizə gəldiyi qısa müddət olsa da, gənc komandamız "Sabah"la uğurlu olmağı bacardı.
Əvvəl daxili yarışda parlaq nəticə göstərən rusiyalı, artıq Avropada da klub tarixinə öz imzasını atmış oldu.
Hər halda, ilk dəfə avrokuboklara çıxan komanda ilə mərhələ adlamaq minimum vəzifənin yerinə yetirilməsidir. Nəzərə alaq ki, rəqib heç adan "asan yem" deyildi.
Kifayət qədər təcrübəsi olan RFS son ana kimi təslim olmaqdan boyun qaçırdı.
Amma bu da Musayevin avrokuboklarda uğurlu debütuna mane ola bilmədi.
Qarşılaşmadan sonra bəndənizin bu xüsusda çalışdırıcıya ünvanladığı sual isə sonda maraqlı dialoqla nəticələnib:
- Qısa müddətdə və gənc komanda ilə ölkəmizdə uğurlu olmağı bacardınız. Bunun xüsusi sirri varmı?
- 24 saat gərgin rejimdə çalışıram. Mənim sənətim belədir. Öncə daha çox işləməliyik. Bundan sonra istədiyimiz yerə gedə biləcəyik.
- Daxili yarışlardakı uğurlu çıxışı Avropa arenasına daşıya bildiniz. Belə qələbələrdən sonra sizdən gözləntilər də artır. Bu, üzərinizdə əlavə təzyiq yaratmır?
- Xeyir, təzyiq hiss etmirəm. Bilirəm, davamında nə deyəcəksiniz. Yəqin ki, "Qarabağ"la çempionluq mübarizəsi aparıb-aparmayacağımızı soruşacaqsınız. Hələ qarşıda 36 tur var (gülür).
XANOĞLAN İMANOV

