"Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsinin avqustun 3-də Bakıda keçirəcəyi cavab oyunundakı hakimlərin adı məlum olub.
Masazır klubunun RFS-lə (Latviya) qarşılaşmasını isveçrəli Fedayi San idarə edəcək.
Yonas Enri və Yan Kebeli yan xətt hakimləri, Sandro Şerer dördüncü hakim olacaq.
40 yaşlı ədalət təmsilçisinin ixtisası tikinti texnologiyası üzrə mütəxəssisdir ki, bu sahədə çalışır. Buna baxmayaraq, illərdir həm də hakimlik edir.
Hakimliyə 18 yaşında başlasa da, İsveçrənin yüksək dəstəsinin oyununa 2011-ci ildə - 28 yaşında təyinat alıb. 2015-ci ildən isə yaxasında FİFA-nın embelmini daşıyır.
Fedayi Sanın ikili vətəndaşlığı var. Sürixdə doğulsa da, əslən türkdür. Buna görə həm də Türkiyə pasportuna sahibdir.
O, indiyə qədər avrokuboklarda 8 oyuna baş hakim kimi təyinat alıb. Lakin nə meydanda əsas söz sahibi olduğu, nə də dördüncü hakim funksiyasını daşıdığı qarşılaşmaların heç birində Bakıya səfər etməyib.
2015-ci ildən bu yana əsas milli komandalar səviyyəsində 5 görüşə təyinat alıb. Lakin bu dəfə də yolu azərbaycanlılarla kəsişməyib.
Bir tərəfi Türkiyədən olan Fedayinin Masazırda nə ilə yadda qalacağını bu axşam görəcəyik. Ümid edirik ki, ədaləti lazımınca qorumağı bacaracaq.
RFS-lə “Sabah” arasında Latviyada baş tutan ilk oyunda təmsilçimiz 2:0 hesabı ilə qələbə qazanıb.
Bu axşam “Bank Respublika Arena”da keçiriləcək cavab qarşılaşması saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

