"Sabah" qazanmaq istəyirsə...

4 Oktyabr 2022 23:40 Sabah 651
"Sabah" qazanmaq istəyirsə...

Medal “kiçik” sayılan oyunlardakı yaxşı nəticələrlə əldə olunur.

Məsələn, çempionluq istəyən komanda iddialı ilə oyunda bərabərə qalsa sığortası var, amma autsayderlə oyundakı xat itkisi mövsümün sonu baş ağrıda bilər.

Bu gün Premyer Liqamızın daha qabarıq önə çıxan üç iddialısı var – “Qarabağ”, “Neftçi” və “Sabah”.

İlk ikisi “kiçik” sayılacaq bütün matçlardan 3 xalla ayrılmağı bacarıb. Buna illərin təcrübəsi də deyə bilərik. Amma “Sabah” sanki bu baxımdan əziyyət çəkir və ya da daha təcrübəsizdir.

Məsələn, “Neftçi”ni, “Qəbələ”ni, “Zirə”ni udan Masazır təmsilçisi doğma meydanda “Səbail”in müqavimətin qıra bilməmişdi – 0:0.

Çünki “Neftçi” ilə oyunda olan motivasiya, əzmkarlıq “Səbail”lə matçda da eyni ola bilməz. Rəqibin heyəti, adı, büdcəsi, mövqeyi istər-istəməz futbolçulara bir rahatlıq verir.

Meydanda boşluqlara yol açır. İllahda ki, belə rəqiblərlə oyunda erkən qol vura bilmədinsə, vəziyyət daha da qəlizləşir. Ki, qarşındakı futbolçuların mübarizə ruhu daha da güclənir.

Belədə qalırsan daha çox bəxtin və standart vəziyyətlərin ümidinə.

Murad Musayevin yetirmələri bu problemləri Bayıl təmsilçisi ilə oyunda yaşamışdı. Onda nə bəxt, nə də standar vəziyyətlər dada çatmamışdı.

Təbii ki, uğursuzluq üzüntü ilə bərabər, həm də yeni təcrübə sayılmalıdır. Görünür, sayılıb da.

Komanda Şamaxıda düşdüyü oxşar situsasiyadan son anda üzüağ çıxa bildi. Erkən qol vura bilməyən kollektiv getdikcə mövqe hücumundan da qolun gəlmək ehtimalının azlılığını zamanında anladı.

Və başladılar standar vəziyyətlər sayəsində rəqib qapısında basqı qurmağa. Hətta top qapıçı Yusif İmanovda olanda belə o da maksimum daha tez kürəni irəli xəttə çatdırmağa çalışırdı.

Bunun nəticəsində Musayevin yetirmələri 85 dəqiqədə yaratmadığı sayda qol imkanın son 10 dəqiqədə yaratdı.

Banın cərimə zərbəsini Rəşad Əzizli qaytardısa, ardınca cinah asmasında sonra Kaşukun baş zərbəsi dirəkdən qayıtdı.

Növbəti standart vəziyyətdən sonra isə ikincinin asmasını seneqallı mərkəz müdafiəçisi qapıdan keçirdi. Beləcə komanda sonda çox böyük üzüntüsün yaşayacağı xal itkisindən qurtulmuş oldu.

Amma bu, növbəti dərs olmalıdır ki, belə rəqibləri elə erkən qolla, ən azından ilk hissə ərzində mütləq cəzalandırmaq lazımdır.

Əks halda, hər dəfə “Şamaxı” matçındakı kimi son dəqiqə qolu ilə 3 xal gəlməyə bilər. Eynən “Səbail”lə matç kimi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti