Azərbaycanın müxtəlif yaş milli komandalarına dəvət alan futbolçuların siyahısına baxanda qapı mövqeyi xüsusi diqqət çəkir. Ki, 3 qapıçı "Sabah"ın heyətindən dəvət alıb.
Səlahət Ağayev əsas milliyə dəvət alıbsa,
Rüstəm Samiqullin U-21
Yusif İmanov isə U-20 millisinə çağrılıb. Bura "Qəbələ"dən dəvət alan Nicat Mehbalıyevi də aid eləmək olar. Hər halda Nicat bölgə klubunda çıxış etsə də, "Sabah"a məxsusdur. Düzdür, hazırkı formasına görə gənc qapıçı "Qəbələ"yə borcludur. Amma Masazır təmsilçisinin də zəhməti az deyil.
Maraqlı olacağını nəzərə alıb, komandanın qapıçılar üzrə məşqçisi Vitali Kovalyovla söhbətləşdik.
Təcrübəli mütəxəssis bu sayda qapıçının onun çalışdığı komandadan milliyə dəvət almasını təsadüf yox, görülən işin nəticəsi olaraq qiymətləndirdi:
"Bu sayda qapıçımızın milli komandaya çağrılmasına çox sevinirəm. Və sizin bu məsələyə diqqət çəkməniz mənə xoş oldu. Əlbəttə, bu elə-belə baş tutmayıb. Klubumuzda qapıçılarla yaxşı iş görülür. Akademiyamızda yaxşı savadlı məşqçilər çalışır. "Sabah" Premyer Liqamızda yeganə klubdur ki, qapıçılarla iki məşqçi işləyir. Biri mənəm, digəri Elxan Həsənlidir. Azərbaycanda ikinci belə komanda yoxdur. Daha bir misal ölkə xaricindən çəkə bilərəm. İngiltərə nəhəngi olan "Liverpul komandasında qapıçılarla işləyən 3 qapıçı məşqçisi var. Yəni müasir futbolda yeni tələblər var. Məşq prosesləri artıq dəyişib. Ona görə də əsas komandada qapıçılarla işləyən ikinci köməkçi məşqçinin rolu çox böyükdür".
O, yaxın gələcəkdə yeni istedadlı qapıçıların üzə çıxacağının siqnallarnı da verib: "Sovet dönəmi və müstəqilliyimizin əvvəlləri ölkəmizin çox yaxşı qapıçıları olub. Düzdü, o illərə baxanda son illər sanki keyfiyyətli qapıçılarımızın sayı azalıb. Amma deməzdim ki, vəziyyət çox acnacaqlıdır. Son illər Kamran Ağayevdən sonra Emil Balayev və Şahruddin Məhəmmədəliyevi qeyd eləmək istərdim. Çox deyil, amma var. Emil Qazaxıstanda 1 il oynayandan sonra ən yaxşı qapıçı seçilmişdi. Çox istərdim ki, digər qapıçlarımız da Emil kimi xaricdə oynasınlar. Başqa ölkələrdə legioner həyatı yaşamaq başqa hissdir.
"Sabah"da perespektivli yaxşı qapıçılar var. Digər komandalarımızda da belələri var. Bu da savadlı məşqçilərlə bağlıdır. Ötən illərə baxanda vəziyyət daha yaxşıdır. UEFA və AFFA tez-tez məşqçi kursları təşkil edir. Bu çox vacibdir. Çünki yaxşı qapıçı məşqçiləri olanda yaxşı qapıçılar da olacaq".
XANOĞLAN / SPORTNFO.AZ

