Qış fasiləsinin sonlarına yaxın "transfer bazarı"nda aktivləşən "Sabah" bir neçə yeni oyunçu ilə güclənməyi bacardı. Onlardan biri də Huqor Qabriledir.
Bu transferdən iki aya yaxın müddət keçsə də, arxa xətt oyunçusu Masazır təmsilçisində hələ debüt belə etməyib. Belaruslu qapıçı Aleksandr Neçayev də bu şərəfə nail olub, amma Qabriel yox.
Digər transferlərdən fərqli olaraq 22 yaşlı braziliyalı müdafiəçidir. "Sabah"da isə bu zonada kifayət qədər ciddi problemlər olduğu sirr deyil. Hətta müdafiəçilərdən zədəli və cəzalı olanda belə Qabriel baş məşqçinin yadına düşmür.
Belə olan halda maraqlıdır, okeanın o tayından bura gətirilən legioner niyə şans qazanmır? Belə durumun hansısa xüsusi səbəbmi var?
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov sorğumuza cavab olaraq Sportinfo.az-a açıqlamasında braziliyalı oyunçu ilə bağlı yaranmış duruma qısaca belə şərh verib: "Hiqor Qabrielin debüt etməməsinin xüsusi bir səbəbi yoxdur. Bu, sadəcə baş məşqçinin seçimidir".
Legioner oyunçu təmsilçimizlə 3 illik müqavilə imzalayıb. Braziliyanın “Fluminense” klubunun yetirməsi olan Qabriel karyerası ərzində bu komanda ilə yanaşı, “Rio Branko” (Braziliya) klubunda da çıxış edib.
XANOĞLAN

