AFFA-nın İntizam Komitəsinın cümə günü Azərbaycan Premyer Liqasının 18-ci turunda yaşananlarla bağlı qərarları açıqlandı.
Komitəsinin sərt üzünü görənlər arasında Vitali Kovalyov “fərqləndi”.
“Sabah”ın məşqçisi “Keşlə” ilə “ASK Arena”dakı görüşdə hakimlərin ünvanına “kor” ifadəsi işlətdiyi üçün İntizam Komitəsi ona 4000 manat məbləğində cərimə, üstəlik, 5 oyunluq cəza kəsdi.
Sportinfo.az məsələ ilə bağlı kluba yaxın mənbədən məlumat əldə edib.
“Sabah”ın məlum cəza ilə bağlı apellyasiya şikayəti edəcəyi gözlənilsə də, bu, baş verməyəcək. Başlıca səbəb Kovalyovun günahını etiraf etməsidir.
Qapıçılarla işləyən məşqçi hakimləri “kor” adlandırdığını inkar etmir. Lakin bunu təhqir yox, kobud ifadə kimi qəbul olunmasını istəyir. Komitədə oturanlar üçünsə “kor”la küçə söyüşünün çəkisi eynidir.
“Sabah” apellyasiya şikayəti vermək üçün əlavə 500 manat ödəməlidir. Rhbərlik bu məsələdə uduzacağını təxmir edir. Ki, apellyasiya şikayətinə baxanlar da Kovalyovun “kor”unu şəxsiyyəti təhqir kimi dəyərləndirəcəklər.
Və beləcə 4000 manatlıq cərimə qalır məşqçinin boynunda. Klubun daxili intizam qaydalarında meydanda və ondan kənarda intizam qaydalarını pozanların cəriməni öz hesabına ödəməsinin vacibliyi ilə bağlı xüsusi bənd var.
Odur ki, Vitali Kovalyov təxminən 2 ay pulsuz işləməli olacaq. 4000 manatı ödəmək üçün ən sadə çıxış yolu budur.
HƏBİB

