“Sabah”ın qapıçılarla işləyən məşqçisi Vitali Kovalyov qarşıdakı 5 oyunda texniki zonada yer ala bilməyəcək.
Üstəlik, klub ona görə 4000 min manat cərimə ödəməlidir.
AFFA-nın İntizam Komitəsi Premyer Liqanın 18-ci turunun “Keşlə” – “Sabah” qarşılaşmasında Kovalyovun hakimləri təhqir etməsinə məhz bu cür “qiymət verib”.
Təcrübəli mütəxəssis Sportinfo.az-a açıqlamasında dördüncü hakim Vüqar Həsənliyə “görmürsünüz, korsunuz” ifadəsinə görə cəzalandırıldığını deyib.
Məşqçi günahını etiraf etsə də, “kor” sözünə görə bu cür cəzanı hədsiz ağır sayır.
Cərimənin klub tərəfindən ödənilməli olduğunu nəzərə alsaq, məlum qərara “Sabah” rəhbərliyi də münasibət göstərməlidir.
İndiki vəziyyətdə onların edə biləcəyi isə qərara görə apellyasiya şikayəti verib, cəzanın qismən yüngülləşdirilməsinə nail olmaqdır.
Məsələ ilə bağlı əlaqə saxladığımız klubun mətbuat katibi Elnur Həmidov saytımıza açıqlamasında qərardan apellyasiya şikayətinin edilib-edilməyəcəyinə növbəti həftə klubdaxili iclasda aydınlıq gələcəyini bildirib.
Hazırda “Qarabağ”la mühüm oyunun ab-havasında olan rəsmilər məhz bu qarşılaşmadan sonra götür-qoy edib apellyasiya şikayəti ilə bağlı qərar qəbul edəcək.
HƏBİB

