Kristian Sebalyos - Bu ad Azərbaycan Premyer Liqasını azacıq izləyənlər üçün də tanış simadır.
Yox, o heç də çempionatımızda "at oynadan" əcnəbidi deyə məşhur deyil.
Sadəcə "Sabah"ın üzvü olan futbolçu "Barselona" yetirməsidir. Futbolun sirlərini dünya ünlü komandanın futbol akademiyasında öyrənib.
Birvaxtlar Messi kimi ulduzla komanda yoldaşı olub. Sonralar İngiltərə nəhəngi "Tottenhem"də çıxış edib. Bir sözlə, karyerasının ilkin dönəmləri möhtəşəm start götürüb.
Düzdü, "Sabah"a kimi son illər heç də uğurlu mövsümlər keçirməyib. Amma istənilən halda məktəb məktəbdir də. Hamımız böyük səbrsizliklə onun debütünü gözləyirdik. Masazır təmsilçisində ciddi fərq yaradacağını, komandanı çiyinlərində uğura daşıyacağını düşünürdük. Amma nə oldu?
Açığı, istedadlı olmasını görməmək mümkün deyil. Meydandakı hərəkətləri səviyyəsindən xəbər verir. Amma o istedad, o səviyyə Bakı klubuna nəsə veribmi? Təbii ki, heç nə...
Mövsüm başa çatır, amma Sebalyosu gördüm deyən yoxdur. Bir oyun meydandadırsa, 3 oyun yataqda olur. Bir gün zədə alır, digər gün həvəssiz olur, bir başqa gün də əhvalı yerində olmur.
Mövsüm bu gün-sabah başa çatır. 29 yaşlı İspan isə cəmi 6 oyunda komanda yoldaşlarına "mən də varma" deyə bilib. Sonuncu dəfə nə az, nə çox 4 ay əvvəl meydana çıxıb. Meydanda olduğu oyunlarda yetəri qədər faydalı olmağı bacarmayıb.
Onun meydanda olduğu matçlarda komandası cəmi 1 qələbə qazanıb. Aktivində iki asisti olan yarımmüdafiəçi qol hesabını hələ də aça bilməyib. "Barselona" məktəbi, "Tottenhem" təcrübəsi və belə statistika...
XANOĞLAN İMANOV

