18-ci turun maraqlı görüşlərindən biri “ASK Arena”da baş tutacaq.
Komandaların turnir cədvəlindəki mövqeyi ciddi ajiotajdan xəbər verməsə də, dərinə gedəndə xüsusi məqamlarla rastlaşmaq mümkündür. Çünki söhbət pul xərcləməkdən doymayan “Sabah”la ölkə kubokunun son sahibi “Keşlə”dən gedir.
“Keşlə” üçün ad...
Bəribaşdan qeyd edək ki, Sənan Qurbanovun çalışdırdığı kollektiv yayda avrokuboklara vəsiqə qazanmaq şansını böyük ölçüdə əldən verib. Ümid kubok yarışına idi ki, “qırmızılar” “Qarabağ”a “ilişdi”.
Premyer Liqaya gəlincə, 17 oyundan vur-tut 15 xal toplayan keşləlilərin yekunda medal qazanacağına inanmaq səhrada su tapmaq qədər çətin və mümkünsüzdür.
Bunun üçün ilk 4 pillədəki komandalarda ciddi böhran yaşanmalıdır. O da çətin məsələdir. “Keşlə” bundan sonra indikindən də pis vəziyyətə düşməmək üçün döyüşəcək.
“Sabah”ın vəsiqə mübarizəsi
“Sabah”ın durumu da rəqibinki ilə aşağı-yuxarı eynidir. Onlar da kubok mübarizəsini vaxtından əvvəl başa vuraraq, gözünü çempionata dikib.
Sadəcə, “tələbələr”in “Keşlə”dən üstünlüyü aradakı 5 xallıq fərqdir. Düzdür, 4-cü sırada yer alan “Neftçi”ylə 8 xallıq “Sabah”lıların ürəyini ağrıdır, hər biri üçün göz dağıdır.
Amma reallığı, bu matçdan sonra qarşıda 10 oyunun qaldığını nəzərə alsaq, 8-10 xallıq fərqi qaldırmaq hardasa real görünür.
Bunun üçün əsas rəqiblərlə qarşılaşmaları qalib başa vurub, digər matçlarda büdrəməsini gözləmək lazım gəlir. Qısası, Masazır təmsilçisinin avrokubok ümidləri azalsa da, tam tükənməyib.
“Tələbələr” “kəsir” təhlükəsindədir
Həftəsonu “Neftçi” “Səbail”i, “Zirə” isə “Sumqayıt”ı qəbul edəcək. Meydan sahibləri “Sabah”ın turnir cədvəlindəki əsas rəqibləridir. Murad Musayevin kollektivini “ağ-qaralar”dan 8, “qartallar”dan 11 xal ayırır.
Razılaşaq ki, “Neftçi”ylə “Zirə” son vaxtlar qələbə üzünə həsrət qalan rəqiblərlə matçlarda büdrəcəyi real görünmür. Çox güman, hər ikisi 3 xalı bayram edəcək.
Belə olduğu halda, “Sabah”da “Keşlə”ni meydanı başıaşağı tərk etməyə məcbur etməlidir. Ki, aradakı xal fərqi böyüməsin, ümidlər indidən tam tükənməsin.
Bakılılarla zirəlilər qalibiyyətə sevinəcəyi halda, masazırlılar “ASK Arena”da qalib gələ bilməsə, artıq indidən cari imtahan mövsümünü “tələbələr” üçün “kəsir” hesab edəcəyik.
Çünki 10-dan artıq xal fərqini “əritmək” mümkünsüz qədər çətin görünəcək.
HƏBİB

