Rusiyalı menecerlər bu məşqçini Azərbaycandan “oğurlayıb” aparmaq istəyib...

4 Mart 2022 16:40 Sabah 1 899
Rusiyalı menecerlər bu məşqçini Azərbaycandan “oğurlayıb” aparmaq istəyib...

"Sabah"ın baş məşqçisi Murad Musayev ətrafında son günlər yayılmış xəbərlər, nəhayət, bu gün səngidi.

39 yaşlı mütəxəssis Rusiyadan Azərbaycana qayıtdı.

"Championat" nəşri Murad Musayevin "Krasnodar"ı tərk edən Daniel Farkeni əvəzləyə biləcəyini yazmışdı.

Tərəflər arasında qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verilib. Farke ilə birlikdə köməkçiləri Edmund Rimer, Kris Domoqalla və Kristoder Con da Premyer Liqa klubunu tərk edib. Baş məşqçi vəzifəsini müvəqqəti Aleksey Antonyuk icra etməli olacaq.

Farkenin təyinatına qədər bu vəzifəyə “Sabah”ın indiki baş məşqçisi Murad Musayev də namizəd olub. Əvvəllər də “Krasnodar”ı çalışdıran mütəxəssisin yenidən bu kluba dəvət alacağı istisna edilmirdi.

"Championat" nəşrinin yazdığına görə, 39 yaşlı mütəxəssis bu vəzifəyə əsas namizədlərdən biridir. İddiaya görə, Musayev sabiq klubu ilə danışıqlar aparmaq üçün Bakını tərk edib.

"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov yaranmış vəziyyət barədə dünən Sportinfo.az-a bunları demişdi:

“Krasnodar”da daha öncə baş məşqçi istefası gerçəkləşəndə də oxşar xəbərlər yayılmışdı.

Murad Musayevin uzun müddət həm “Krasnodar”ın akademiyasında, həm də əsas komandasında çalışmasını və müəyyən uğurlar qazanmasını nəzərə alsaq, Rusiya mətbuatının bu klubda hər dəfə məşqçi istefası reallaşanda, bu cür iddia ilə çıxış etməsi başadüşüləndir.

Ancaq klub daxilində belə bir məsələ müzakirə edilməyib. Onun Krasnodara getməsi şəxsi işləri ilə bağlıdır“.

M.Musayev Rusiya mətbuatına açıqlamasında “Krasnodar”a qayıdacağı ilə bağlı yayılan söz-söhbətləri doğrulamayıb və “Sabah”dakı işini davam etdirəcəyini söyləyib:

“Mən doğrudan da “Sabah”dan gedirəm? Xeyr, bu doğru deyil. “Krasnodar”dan ora qayıtmaq təklifi gəlməyib. Şəxsi işlərimlə bağlı bir neçə günlük Krasnodara uçmuşam və tezliklə Bakıya qayıdacam”.

Ötən ilin oktyabrından "Sabah"a başçılıq edən Murad Musayevin müqaviləsi 2 illikdir. O, 2018 - 2021-ci illərdə "Krasnodar"ın əsas komandasına rəhbərlik edib.

Saytımız gənc çalışdırıcının durumu ilə bağlı yeni informasıyalar əldə edib. Redaksiyamıza daxil olan məlumata görə, rusiyalı menecerlərdən bir neçəsi Musayevlə əlaqə saxlayıb.

Ondan ölkəyə dönmək istəyib-istəməməsi barədə soruşublar. Həmçinin bildiriblər ki, Macarıstan, Kipr və Özbəkistan kimi ölkələrin birində çalışmasına vasitəçi olmağa hazırdırlar.

“Sabah”ın sükançısı aldığı təkliflərin hamısını geri çevirib. O, buradan ayrılmaq üçün heç bir ciddi əsasın olmadığını və karyerasını Azərbaycanda davam etdirəcəyini söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti