Ötən gün Rusiyanın daha bir klubunun legioner baş məşqçisi postunu tərk edib.
Daniel Farke “Krasnodar”dan ayrılmağa qərar verib.
Tərəflər arasında qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verilib.
Farke ilə birlikdə köməkçiləri Edmund Rimer, Kris Domoqalla və Kristoder Con da Premyer Liqa klubunu tərk edib. Baş məşqçi vəzifəsini müvəqqəti Aleksey Antonyuk icra etməli olacaq.
Farkenin təyinatına qədər bu vəzifəyə “Sabah”ın indiki baş məşqçisi Murad Musayev də namizəd olub. Əvvəllər də “Krasnodar”ı çalışdıran mütəxəssisin yenidən bu kluba dəvət olunacağı da istisna deyil.
"Championat" nəşrinin yazdığına görə, 39 yaşlı mütəxəssis bu vəzifəyə əsas namizədlərdən biridir. İddiaya görə, Musayev sabiq klubu ilə danışıqlar aparmaq üçün Bakını tərk edib.
Ötən ilin oktyabrından "Sabah"a başçılıq edən Murad Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb. O, 2018 - 2021-ci illərdə "Krasnodar"ın əsas komandasına rəhbərlik edib.
"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov yaranmış vəziyyət barədə Sportinfo.az-a bunları deyib:
“Krasnodar”da daha öncə baş məşqçi istefası gerçəkləşəndə də oxşar xəbərlər yayılmışdı. Murad Musayevin uzun müddət həm “Krasnodar”ın akademiyasında, həm də əsas komandasında çalışmasını və müəyyən uğurlar qazanmasını nəzərə alsaq,
Rusiya mətbuatının bu klubda hər dəfə məşqçi istefası reallaşanda, bu cür iddia ilə çıxış etməsi başadüşüləndir.
Ancaq klub daxilində belə bir məsələ müzakirə edilməyib. Onun Krasnodara getməsi şəxsi işləri ilə bağlıdır“.

