Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası baş tutdu.
Əsas diqqət təbii ki, ölkə kubokunun 1/4 finalının "Sabah - "Neftçi" arasındakı cavab qarşılaşması ilə bağlı veriləcək qərarlara yönəlmişdi.
Gözlənilən reallaşdı, Masazır təmsilçisi İK-nın sərt üzünə tuş gəldi. Komanda ümumilikdə 23 min 200 manat pul cəriməsi edildi.
Bundan başqa Aleksey İsayev 4, Səlahət Ağayev 6, Zurab Oçiqava 6, Amin Seydiyev 4 və baş məşqçi Murad Musayev 1 oyunluq cəzalandırıldı. Aleksey və Aminin cəzasının 2-i oyunu, Səlahət və Oçiqavanın isə 3 oyunu şərti xarakter daşıyır.
Nə qədər qəribə olsa da, qalmaqallı qarşılaşma ilə bağlı qərar nə az, nə çox oyundan 13 gün sonra açıqlandı. Niyə bu qədər gec? Hər hansı xüsusi qərar da verilməyib ki, səbəb kimi qərar verməkdə tərəddüd etdkilərini düşünəsən.
Qərəz və ya hər hansısa maraq olduğunu da iddia etmirəm, amma istənilən halda bu qədər müddət gözləmə mövqeyində olmaq düşündürücü məqamdı.
Və o da dəqiqdir ki, qərarın bu gün verilməsi "Sabah"a iki qat zərbə vurmuş oldu. Pul cəzası öz yerində, həm də psixoloji zərbədən söhbət gedir.
Çünki komanda cəmi 2 gün sonra elə həmin qalmaqallı oyunun iştirakçısı olan "Neftçi" ilə ağır görüşə çıxacaq. Avrokuboklara getmək şansını saxlamaq üçün Murad Musayevin komandasına qələbə mütləqdir. Əks halda olan-qalan ümidlər də puç olacaq. İndi gəl belə qərarlardan sonra yüksək tonda həmin oyuna hazırlaş.
Düzdü, deyə bilərsiniz ki, cəzalar kubok görüşünə şamil olunacaq. Amma bu da əsas vermir ki, İK-a belə bir vaxtda bu cür sərt qərarları vermiş olsun.
Klubun cəzalara rəsmi açıqlamasında "hələ tələsmirik" cavabı verməsi də onu göstərir ki, rəhbərlik də fikrini bugünkü qərarlara dağıtmaqla komandaya zərbə vura biləcəyinin fərqindədir. Futbolçuları da maksimum mövzunun müzakirəsindən uzaq tutmağa çalışacaqlar. Komanda əhəmiyyətli oyuna köklənə bilsin. Bacarıb-bacarmayacaqlarını isə 2 gün sonrakı matçda biləcəyik.
SPORTİNFO.AZ

