“Bu qərarları biz də öz tərəfimizdən araşdıracağıq və klub daxilində müzakirə edəcəyik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
AFFA İntizam Komitəsinin bu gün açıqladığı sərt cəzalara münasibət bildirən klub rəsmisi aşağıdakıları bildirib:
“Apellyasiya şikayəti vermək üçün 10-15 gün vaxtımız var. Yəqin ki, onadək araşdırmamız bitəcək. İntizam Komitəsinin qərarları yalnız kubok oyunlarına aiddir.
Ona gərə də tələsik fikir bildirmək istəmirik. AFFA bizim hakimliklə bağlı mövqeyimizdən xəbərdardır. Narazı qaldığımız epizodlarla federasiyanın iki komitəsini məlumatlandırmışıq”.
AFFA İntizam Komitəsi "Sabah" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu (1:3) ilə bağlı cəzaları açıqlayıb.
Baş vermiş insident səbəbindən meydan sahibləri ümumilikdə 23 200 manat, qonaqlar isə 5 600 manat cərimə olunublar.
"Sabah" 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat cərimələnib.
Oyunun 75-ci dəqiqəsində “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Klub isə 3 200 manat cərimə olunurb.
“Sabah”ın qapıçısı Səlahət Ağayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşarkən azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyi üçün 3 oyun şərti olmaqla 6 oyun cəzalanıb. Klub 4 800 manat ziyana düşüb.
Zurab Oçiqava həm "Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilova qarşı təcavüzkar davranışa, həm də hakimə qarşı təhqiredici hərəkət etməsinə görə 3 oyun şərti olmaqla 6 oyun cəzalanıb. Klub 6400 manat cərimə olunub.
“Sabah”ın müdafiəçisi Amin Seydiyev İsrafilova qarşı təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3200 manat cərimələnib. Hər 4 oyunçu üçün sınaq müddəti 3 ay təyin olunub.
“Sabah”ın baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb. Rusiyalı mütəxəssis klubu 800 manat ziyana salıb.
Meydan sahiblərinin azarkeşləri kütləvi şəkildə təhqiramiz ifadələr işlətdiyi üçün klub 4 000 manat cərimə ödəyəcək.
Eyni qərar qonaq komandaya da şamil olunub. Həmçinin "Neftçi" fanatları meydana kənar əşyalar adıqları üçün klub 1 600 manat cərimə olunub.

