Qış fasiləsindən sonra "Sabah"ın işləri heç də yolunda getmir. Əslində komanda ikinci yarıya yaxşı başlamışdı.
Komanda öncə "Neftçi" ilə kubokun 1/4 finalının ilk matçından sərfəli nəticə (1-1) qayıtmağı bacardı. Sonra Premyer Liqada "Qəbələ" darmadağın edildi - 3:0.
Məhz bu matçdan sonra hər şey pisə doğru getməyə başladı. Öncə kubokun cavab qarşılaşmasında doğma meydanda "Neftçi"yə məğlubiyyət (1-3) yaşandı. Ardınca komanda Premyer Liqada əsas rəqiblərdən olan "Zirə" ilə bacarmadı - 0:2.
Qarşıdakı tur komandanı "Neftçi" ilə ölüm-dirim matçı gözləyir. Murad Musayevin yetirmələrini yalnız qələbə qane edir. Ki, məğlubiyyət avrokuboklar arzusunun üzərindən birdəfəlik xətt çəkə bilər.
Amma Masazır təmsilçisi heç də bütün gücü ilə matça hazırlaşa bilmir. Aparıcı fiqurlardan sayılan Xuan Kamara zədəlidir. Məşqçilər heyəti MRT-nin cavabını gözləyir. Durumi qeyri-müəyyən olaraq qalır.
Digər ispaniyalı Kristian Sebalyos isə böyük ehtimalla son çempionla qarşılaşmanı buraxacaq. Zədə səbəbindən son oyunları kənarda qalan sabiq "Barselona"lı hələ indi-indi fərdi məşqlərə başlayıb. Oyun gününə hazır olmaq ehtimalı isə çox aşağıdır.
"Sabah" - "Neftçi" görüşü fevralın 27-i, saat 17:00-da start götürəcək
XANOĞLAN

