Bir hakimin ilboyu çəkilən əziyyəti yerə vurmağa çalışması …
Gəl, buna döz görüm, necə dözürsən! Ağır məsələdir.
Üç-beş günə yaddan çıxmaz, pis təsir edir. Acısını çəkmək də ürək istər. Ona tablaşmaq var e!
«Sabah» Rəvan Həmzəzadədən aldığı travmanın yaralarını hələ çox sarıyacaq. Adını çəkdiyimiz referinin «Neftçi» ilə kubok oyununda yol verdiyi qərəzli səhvlər «Sabah»da A-dan Z-yə hər kəsi xəyal qırıqlığına uğradıb.
Avrokuboklara gedən ən qısa «körpü»dən zor gücünə geri qaytarılan komanda başına gələnlərin şokunu yaşamaqdadır. O boyda qalmaqaldan sonra toparlanmaq uzun zaman alacaq.
Buna kimi tablo fərqli idi. Murad Musayevin bir yolla «Sabah»ı psixoloji-fiziki yöndə toparladığı, oyununu nizama saldığı görünürdü. Artıq tamam fərqli, daha inamlı və ümidli təsir bağışlayırdılar.
Son ayların formada olan komandasından danışırdıq və birdən-birə göydən yerə zənbillə düşmüş bir hakim işləri rəvan getməyə başlamış komandanın kürəyinə xəncər saplayır… Necədir səninçün?
Zirə səfəri «Sabah»ın sabaha olan növbəti ümidlərini puç etdi. Premyer Liqada minimum 3-4-cü yerlərin sahibini müəyyənləşdirəcək oyunda kim birinci səhvə yol verəcəkdisə, o da kənarda qalacaqdı.
Rəvanın qərəzli simasından sarsılmış «Sabah»ın «Zirə» ilə yaşıl meydanda sürətli şahmat oynamağa səbri çatmadı.
”Mükafatçılar sırasına düşmək çətin olacaq. Böyük fərq var. Avrokuboklara ümid etmək ağırdır. Maksimum çalışmalı, hər qarşıdakı görüşə final kimi çıxmalıyıq” – Murad Musayev real mənzərəni olduğu kimi təsvir edib.
Əlavə sözə gərək yoxdur burada.
KAMİL

