Murad Musayevin gəlişindən sonra "Sabah" ikinci məğlubiyyətini ölkə kubokunda "Neftçi"dən aldı.
Qalmaqalla yadda qalan matçda "Sabah"ı üzən yalnız 3-1 hesablı məğlubiyyət olmadı.
Ölkə kubokunda mübarizəni dayandıran Masazır təmsilçisini baş hakim 3 qırmızı vərəqə ilə cəzalandırdı. Öncə Aleksey İsayev, ardınca Səlahət Ağayev sərt cəza ilə üzləşdi. Bununla da kifayətlənməyən ədalət təmsilçisi baş məşqçi Murad Musayevi də texniki zonadan uzaqlaşdırdı.
Səlahət qırmızı vərəqədə sonra ikinci zərbəni "Forza Neftçi" tərəfdarlarından aldı. Sabiq komandasının fanatları onu paltardəyişmə otağına "Neftçi"nin pulu haramın olsun" şuarı ilə yola saldı.
Artıq başverənlərlə bağlı klubun federasiyaya şikayət məktubu da göndərilib. Bir sözlə, rəhbərlikdən futbolçuya kimi hər kəsin fikri son çempionla matçda qalıb. Belə gedişat kollektivi psixoloji gərginliyə də sala bilər. Amma soyuq başla düşünəndə görünür ki, vəziyyət heç də acınacaqlı halda deyil. Yetər ki, "Neftçi"nin vurduğu yaranı tezliklə sağaltmaq mümkün olsun.
Bəli, kubokda mübarizəni davam etdirmək avrokuboklara getmək və titul qazanmaq baxımından ən münasib yol idi. Bəs başqa şanslar necə, varmı? Əlbəttə ki, şanslar yenə yüksəkdir. Alınan, məğlubiyyət, edilən səhvlər, verilən qırmızı vərəqələr hamısı kubok yarışına aiddir. Premyer Liqada isə vəziyyət qaldığı yerdən davam edir. Düzdü, titul qazanmaq mümkünsüz kimidir, amma medalçılar sırasına düşmək imkanları genişdir.
Son 8 matçda bir məğlubiyyət alan komanda 5-ci pillədə qərarlaşıb. 3-cü pillənin sahibi "Zirə"ilə xal fərqi isə cəmi 5-ə bərabərdi. Qarşıdakı turda da rəqib məhz "qartallar"dı.
Deməli, qələbə təqdirində fərq 2-yə qədər enəcək. Qalır matça kimi hazır olmaq. Belə vəziyyətdə əsas yük rusiyalı mütəxəssisin üzərinə düşür. O, qarşıdakı 3-4 günə komandadakı ab-havanı yaxşıya dəyişməyə çalışmalıdır. O, bir dəfə bunu bacarıb, təcrübəsi yox deyil. Ölkəmizə yeni gəldiyi dönəmi nəzərədə tuturam.
Yox, Musayev bu dəfə bacarmasa, növbəti məğlubiyyət onun ölkəmizdəki "uğur halqasını" tamamilə dağıda bilər. Bununla həm də qısa müddətdə ölkəmizdə yığdığı müsbət imic ciddi zədə almış olacaq.
XANOĞLAN İMANOV

