Musayevin iki həll yolu

7 Noyabr 2021 22:40 Sabah 786
Musayevin iki həll yolu

Yeni baş məşqçi gəlib «Sabah»a. Murad Musayev.

Onu gərgin qrafik, çoxlu iş gözləyir.

Rusiyadan bura kiçik məqsədlər arxasınca gəlməyib. İki illik müqaviləyə qol çəkib, bu isə o deməkdir ki, maneələri zamanla aşmağa vaxtı olacaq.

Bunlar sabahın məsələsidir, bu gün isə «Sabah»da aradan qaldırılması başqa vacib işlər var.

İlk sırada müdafiə xətti gəlir. Musayev «Zirə» önündə ötən turla müqayisədə start heyətində iki dəyişikliyə ehtiyac duydu.

“Qəbələ” üzərində 3:1 hesablı səfər qələbəsində pay sahibləri olan Bəxtiyar Həsənalızadə və Abdulax Xaibulaev bu dəfə ehtiyatda qaldı. Hərçənd Bəxtiyar “Sabah”da əvvəlki 9 turu əvəzolunmadan keçirdən iki oyunçudan biridir.

Musayev “11-lik”də legionerlərin sayını artırmağı lazım bildi. O, Xulio Sezar Rodrigez və Şpiro Periçiçi ilk dəqiqələrdən meydana buraxdı.

Komandanın əsas heyət üzvü olan Periçiç ötən tur ehtiyatda qalmışdı. Xulio isə mövsümdə ikinci dəfə start heyətində şans qazandı.

O, cəmi üç matçda meydana çıxıb. Yalnız bir dəfə “11-lik”də olan hücumçu həmin qarşılaşmada da qırmızı vərəqə alıb.

Musayev nə edir-etsin, birinci zonanı qaydasına salsın. Çarəsini tapsa, ona zaval yoxdur, gedə biləcəyi qədər irəli gedəcək. Çünki orta sahə rəngarəng, hücum xətti «diş»lidir.

İstədiyi rəqibə istədikləri qədər qol vurmaq potensialını qeyd etməliyik. Bunu danmaq olmaz. Sadəcə, yaradılan qol vəziyyətlərdən yararlanmaq lazımdır ki, son 3 tur məhsuldarlıq baxımından güvən verir.

«Sumqayıt» və «Qəbələ»dən sonra «Zirə»yə də üç qol vurmaq Musayevin ikinci və üçüncü zonalardan rahat olmasına inam yaradır.

Müdafiə, müdaiə, yenə də müdafiə… Yeni baş məşqçi ya taktiki gedişləri dəyişməlidir, ya da rotasiya etməlidir. Riskə getməkdən çəkinməməlidir.

İkincisi isə intizamı gücləndirməlidir. Sarı və qırmızı vərəqə alan futbolçuların sayı hər həftə durmadan artır. Son qarşılaşmada da Xuan Kamara hakim tərəfindən vaxtından əvvəl paltardəyişmə otağına yola salındı.

Məhz bu hadisə «Sabah»ı təzyiq altına aldı, meydanda qalan 10 nəfərin qələbə hesabını qorumağa gücü çatmadı.

Musayev sərt cəza metodlarına əl atmalıdır ki, hamı, əsasən də əcnəbi futbolçular qarşısında yersiz vərəqə görməkdən qaçsınlar, özlərini yığışdırsınlar. Hər həftə biri suyu bulandırır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti