"Olmaq istəmədiyimiz yerdəyik və bu, bizi məyus edir"

13 Fevral 2021 00:42 Sabah 588
"Olmaq istəmədiyimiz yerdəyik və bu, bizi məyus edir"

Sportinfo.az xəbər verir ki, “Sabah”ın və milli komandamızın üzvü Bəhlul Mustafazadə sualları cavablandırıb.

Ötən ilin dekabrında Almaniyanın Münhen şəhərində əməliyyat olunan müdafiəçi hazırkı durumundan, “Danimarka”nın “Veyle” klubundan aldığı təklifdən və digər məsələlərdən danışıb.

- Əməliyyatdan sonra durumun necədir? Meydana nə vaxt qayıda bilərsən?

- Durumum yaxşıdır. Məşqlərə başlamışam. Yəqin ki, Premyer Liqanın növbəti turunda “Zirə” ilə oyundan sonra meydanda olacağam.

- İki aydan artıqdır meydana çıxmırsan. Uzun müddət futbolsuz qalmaq yəqin səni çox narahat edir.

- Əlbəttə, çox narahat edirdi, amma başa düşürəm ki, bu idmandır. Zədə də bunun bir parçasıdır. Önəmli olan bu cür zədələrin səni həvəsdən salmamasıdır.

- Mart ayında millimizin 1 həftə ərzində 3 oyunu var. Yığmamızın əsas üzvlərindən birisən. O vaxta qədər formanı yığa bilərsən?

- Təbii ki, yığa bilərəm. Bir aydan çox vaxt var. Həmin vaxta kimi tam formada olacağam.

- Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibləri ilə bağlı nə deyə bilərsən?

- Rəqiblərimizin hər birinə hörmətlə yanaşırıq. Hər biri kifayət qədər ciddi komandalardır.

- Bu qrupda komandamızdan nə gözləmək olar?

- Əlimizdən gəldiyi qədər yaxşı nəticələr qazanmağa və üst pillələr uğrunda mübarizə aparmağa çalışacağıq.

- Millimizi qrupun autsayderi sayırlar. Bu fikirlə razısan?

- Məncə, müasir futbolda artıq autsayder fikri o qədər önəm kəsb etmir. Hazırda istənilən komanda sürpriz edə bilir. Bunun dəfələrlə şahidi olmuşuq.

- Komandamız indiki halda azarkeşləri yaxşı mənada təəccübləndirə bilər?

- Hədəfimiz budur. Bunun olmağı üçün hər şeyi edəcəyik.

- Bir qədər “Sabah”dan danışaq. Komandanız turnir cədvəlində sonuncu pillədədir. Bu, futbolçularda nə dərəcədə psixoloji gərginlik yaradır?

- Əlbəttə, olmaq istəmədiyimiz yerdəyik və bu ,bizi məyus edir. Ancaq yuxarı pilllərlə xal fərqimiz böyük deyil ve onlara çatmaq, hətta keçmək də olar. Hər şey öz əlimizdədir. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Sonuncu olsanız da, qeyd etdiyin kimi, 4-cü pillədəki “Sumqayıt”la xal fərqiniz cəmi 6-dır. Mövsümün sonuna qədər yuxarı pillələrdə qərarlaşmaq mümkün olacaq?

- Mümkündür və bizim əsas hədəfimiz də budur.

- Ümumiyyətlə, komandanın son vaxtlar uğursuz çıxış etməsinin səbəbini nədə görürsən?

- Düzü, bunun səbəbini mən də bilmirəm, amma çıxış yolu olaraq onu deyə bilərəm ki, hər oyuna maksimum xal yığmaq üçün çıxmalı və çox çalışmalıyıq.

- Danimarkanın “Veyle” klubundan gələn təkliflə bağlı nə deyə bilərsən?

- Bəli, belə bir təklif gəlmişdi, ancaq alınmadı. Lakin bu, artıq keçmişdə qalıb. Ona görə bu barədə çox danışmaq istəmirəm.

- Danimarkada oynamaq istərdin?

- Özümü ölkə xaricində sınamaq istəyərdim. Ancaq hazırda gələcəyə, komandamın qarşıdakı oyunlarına köklənmək istəyirəm.

- Son bir ildə başqa Avropa klubları ilə də adın hallandı. Hər hansı bir təklif almısan?

- Bəli, bir neçə belə təklif olmuşdu.

- Niyə dəyərləndirmədin o təklifləri?

- Bu artıq keçmişdə qalıb deyə, bu barədə ətraflı danışmaq istəmirəm.

- Bu yaxınlarda komanda yoldaşın Ruslan Abışov maraqlı video paylaşmışdı. Abışovla rinqə çıxmışdın. Boksla da məşğul olursan?

- Boks izləmək və bu idmanla məşğul olmaq xoşuma gəlir. Bəzən vaxt tapdıqca məşğul olmağa çalışıram (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”