Guya, ondan ikinci Rəşad Sadıqov olacaqdı…

27 Yanvar 2021 20:20 Sabah 1 978
Guya, ondan ikinci Rəşad Sadıqov olacaqdı…

Danimarkadan «Veyle»enin Bəhlul Mustafazadəni istəməsi eynimi açdı.

Buna nə qədər sevindimsə, futbolçunun Azərbaycanı tərk etməmək ehtimalının güclü olması məni bir o qədər üzdü.

Gözləmirdim, açığı. Fikirləşirdim ki, «Sabah» müdafiəçini buraxacaq. Ya icarə əsasında, ya da birdəfəlik satacaq, istənilən halda pul qazanacaq.
İki variantdan birinə «okey» vermək olardı.

Görünür, «Sabah»da hələ də düşünürlər ki, Bəhlul böyük potensial sahibidir və bir gün «fontan» vuracaq».

Əslində isə o, oxuduğu kitabların sayından zəif futbol oynayır. Savadı, dünyagörüşü böyük, həyata baxışı fərqli ola bilər, amma ondan gözləntilərin miqyası bəndənizə ciddi gəlmir.

Məncə, o, o deyil. çox şişirildib. Deyilən, yazılan səviyyədə futbol oynamayıb indiyə kimi. Hə, bir-iki dəfə hansısa oyunda ən yaxşılardan biri kimi görünə, göstərilə bilər, sadəcə, Bəhlulu ikinci Rəşad Sadıqov gözündə görmək yersizdir, məntiqsizdir, aldatmadır.

Rəşadın vaxtilə bir ayaqla oynadığı futbolu Bəhlul iki ayağıyla bacarmır. Rəşadda oyunu «oxumaq» vardı, birinci pası vermək qabiliyyəti vardı, yer seçmək, ötürməyə açılmaq keyfiyyəti vardı.

Bunların heç biri Bəhlulda yoxdu, mən görməmişəm. Yəqin ki, mənim kimi, çoxları da görməyib. Elə isə bir qrupun sabun köpüyü kimi şişirdib göyün bir qatına qaldırdığı futbolçu ilə bağlı həqiqəti əks etdirməyən iddiaların əsiri olmaq nəyə lazım?

Ziyanın yarısından qayıtmaq da faydalıdır. «Sabah» gərək sevincək olub, onunla vidalaşmağa o dəqiqə razılaşardı. Qaldıqca lap ziyan verəcək.

«Sabah»ın həm ötən, həm də cari mövsümdə keçirdiyi bir neçə oyunu təkrar izləmək kifayət edir ki, Bəhlulun ən «zəif bənd»lərdən biri olması faktını dəqiqləşdirəsən.

Taktiki və texniki cəhətdən etdiyi xətalar, sadəcə, utandırıcıdır. O, yalnız «beşli müdafiə» blokunda nisbətən yararlıdır.

Səhvə yol versə, özünü inandırırsan ki, kimsə onu sığortalayacaq. Amma belə götürəndə, arxa xəttin «canlı bomba»sıdır, qeyri-sabitdir - istənilən oyun epizodunda kobud səhvlər edəcək qədər.

Bəhlulun yeri futbolun reqbi kimi oynandığı çempionatlardır. Şotlandiya, Danimarka, İsveç, Qazaxıstan – bu kimi yerlərə getsə, alababat legioner həyatı yaşaya bilər.

Futbolu daha üst səviyyədə olan ölkələrə ayaq basdırmazlar ona. Gedər, düzdür. Amma turist və tamşaçı kimi.

"Veyle" Danimarka Superliqasında 13 turdan sonra 15 xalla 10-cu pillədə qərarlaşıb. Çempionatda qalmaq uğrunda mübarizə aparan b»Veyle»dən daha yaxşısı Bəhlula birbaşa müqavilə təklifi göndərməyə ürək eləməz.

Onunku müldafiə futbolu oynayan komandadır. Vuruşsun, hər topa girişsin, onu hara gəldit vursun. Futboldan bildiyi, bacardığı budur ancaq. İstedadı yox, əzmkarlığı var. O da yalnız buna bəs edir.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti