
Premyer Liqanın 7-ci turunda "Turan Tovuz" növbəti qələbəsini qazandı.
Bölgə klubu səfərdə "Sumqayıt"ı məğlub etdi - 3:0.
Matçdan sonra Kurban Berdiyevə bəndənizin ona ünvanladığı "Turan"a gəldiyiniz ilk gündən əvəzedici komandanın oyunlarını mütəmadi olaraq izləyirsiniz. Amma arxada qalan üzün müddətdə bir gənc yetirməni olsun belə rəsmi oyunlarda görməmişik. Hədəflər buna imkan vermir, yoxsa "Turan"ın akademiyasında bunu haqq edəcək bacarıqlı uşaq yoxdur" sualıma reaksiyası bu cür oldu:
"Onlardan bizimlə məşq edənlər var. Qeyri-təbii şəkildə cavan oyunçunu meydana buraxmaq olmaz. Burada rəqabət var, onlar rəqabətdə uduzurlar. Belə olan halda kimisə necə oynadım? Sonra ehtiyatda oturan futbolçularla problem ola bilər. Rəqabətdə qalib gəlmək lazımdır".
Açığı, təcrübəli mütəxəssisin açıqlaması məni təəccübləndirdi. Sadəcə mətbuat konfransının axarını pozmamaq üçün mövzunu uzatmadım.
Necə yəni gənc oyunçu rəqabətdən qalib ayrılmalıdır?
Bu da təzə çıxdı? Gəncə gərək öncə şans verəsən ki, o da hələ rəqabətə qoşula. Qazanmağı sonranın işidir.
Bu gün Qurban Qurbanov Hikmət Cəbrayılzadəyə şans verir. Məgər 19 yaşlı uşaq rəqabətdə qalib olduğu üçün həmin şansı alır? Təbii ki, yox. Fürsət olduqca ona meydan verilir. Ki, əsas komandada oynadıqca "bişsin".
Hə, "Turan"da şərtlər bir az fərqlidir. Hədəflər böyükdür, hər matçda qələbə qazanmaq vacibdir.
Amma Berdiyev "Kəpəz" kimi autsayderi ilk hissədən sonra 3:0 udduğu matçda da gənclərə meydan verməyi onlara çox görürsə, bunun da adı rəqabət deyil. Deməli, ya "Turan"ın ara-sıra 3-5 dəqiqə oynamaq potensialı olacaq bir yetirməsi belə yoxdur, ya da onları oynatmaqda maraqlı olan baş məşqçisi. Anlayışları qarışdırmayaq, cənab Berdıyev.
XANOĞLAN İMANOV