"Qarabağ"ın bu uğurları illərdir qurulan işin bəhrəsidir"

19:00 Qarabağ 160
"Qarabağ"ın bu uğurları illərdir qurulan işin bəhrəsidir"

"Qarabağ" sabiq futbolçusu Zaur Həşimov Sportinfo.az-a açıqlama verib.

Futbol mütəxəssisi Ağdam klubunun Çempionlar Liqasında "Kopenhagen"lə görüşdə qazandığı parlaq qələbəni (2:0) şərh edib:

"İlk öncə bizə bəxş etdiyi sevincə və qürur hissinə görə "Qarabağ"a təşəkkür edirəm. Sözün əsl mənasında Çempionlar Liqasının əsas mərhələsinin başlanğıcı bizim üçün nağıl kimi oldu.

Portuqaliyada "Benfika"nı məğlub etməyin ardınca "Kopenhagen"i Bakıda udmaq vacib amildir. "Qarabağ" bununla həm də onu sübut etdi ki, "Benfika" üzərində olan qələbə təsadüfi deyildi.

"Kopenhagen"lə görüşdə iki tam fərqli hissə alındı. Birinci yarıda "Qarabağ" bütün komponentlərdə rəqibini üstələdi. Nəticədə Zubirin qolu ilə önə çıxdı.

İkinci yarı daha gərgin alındı. "Qarabağ" daha çox müdafiə olunur və əks-hücumlara bel bağlayırdı.

Düşünürəm ki, rəqibin ikinci yarıda sistemi dəyişməsi də üstünlük yaratmalarında rol aldı.

Buna baxmayaraq, "Qarabağ" müdafiədə demək olar səhvsiz oynadı. Addainin qolu isə "Qarabağ"ın qələbə qazanacağına bizi əmin etdi.

Daha öncə də qeyd etmişdik ki, qrupdakı rəqiblər "Qarabağ"a hörmətlə və daha ciddi yanaşacaqlar. Odur ki, qarşıdakı görüşlər daha gərgin alınacaq. Bu isə komandanın daha da inkişaf etməsi deməkdir.

Elvin Cəfərquliyevin görüşün ən yaxşısı seçilməsini xüsusi qeyd edərdim. Bununla ölkə futbolu tarixində daha bir ilk yaşandı.

İlk dəfə azərbaycanlı futbolçu bu mükafata layiq görüldü. Ümumən isə bu uğurlar illərdi qurulan işin bəhrəsidir. Bir daha "Qarabağ" və azarkeşlərini qələbə münasibətilə təbrik edirəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 23:00 U-21 kimə tapşırılacaq?