"Qarabağ" hazırkı futbolçularını saxlaya biləcəkmi?

26 Mart 01:50 Qarabağ 531
"Qarabağ" hazırkı futbolçularını saxlaya biləcəkmi?

Ötən ilin yay günlərini xatırlayanda, bu avrokubok mövsümünün "Qarabağ" üçün bu qədər uğurlu alınacağını, klubun Azərbaycan futbolunda ən yeni tarix yazacağını ehtimal etmək çətin idi.

Xüsusən, "Rakuv" məğlubiyyətindən və ÇL-də mübarizəni dayandırdıqdan sonra Qurban Qurbanov ciddi tənqidlərlə üzləşmişdi.

Sonrakı mərhələdə HİK-ə qarşı oyunların keyfiyyəti də o qədər qənaətbəxş olmamışdı.

Lakin Avropa Liqasının qrup mərhələsində azarkeşlər fərqli "Qarabağ" gördülər. Həmin ərəfədə rusiyalı qapıçı Andrey Lunyov kollektivə qoşuldu, Juninyo da komandaya uyğunlaşdı.

"Bayer"lə yanaşı, İsveç və Norveç çempionlarının yer aldığı qrupda ikinci yeri tutmaqla ölkə futbolunda növbəti uğura imza atdı "Qarabağ".

1/16 finalda "Braqa" və 1/8 finalda "Bayer"lə oyunlardan sonra "Qarabağ" Avropa futbol ictimaiyyətinin diqqətini öz üzərinə çəkə bildi. Hal-hazırda həm Qurban Qurbanov, həm də komandanın aparıcı futbolçuları ilə maraqlanan klublar var.

"Qarabağ"ın bu heyətini qoruyub saxlamaq çətin olacaq. Az qala hər gün komandanın hansısa futbolçusuna başqa ölkələrdən maraq olduğuna dair xəbərlər yayılır.

Bir tərəfdən baxanda, "Qarabağ" futbolçu satışından böyük gəlir əldə edə bilər. Amma digər tərəfdən Avropada uğurlu çıxışları davam etdirmək üçün heyəti güclü saxlamaq lazımdır.

"Qarabağ" rəhbərliyinin ən çətin imtahanı bu yay olacaq. Zirvəyə qalxmaq nə qədər çətindirsə, zirvədə qalmaq daha çətindir.

Rəhbərliyin üzərinə böyük məsuliyyət düşür. "Qarabağ"ı bu səviyyədə saxlamaq şərtdir (sportal.az).

Həmid

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"