«Qarabağ» Avropa Liqasının pley-off mərhələsində «Braqa» ilə qarşılaşdı.
Portuqaliyadan 4:2 hesablı qələbəylə dönən «köhlən atlılar» Bakıda keçirilən cavab görüşünün əsas vaxtında 0:2 hesabıyla uduzdu.
Əlavə vaxtda isə 3 qol vuruldu. Öncə Mateus Silva fərqi azaltdı, ardınca rəqib penaltidən fərqləndi. 120-ci dəqiqədə isə Nəriman Axundzadə səhnəyə çıxdı.
Bir qədər əvvəl meydana daxil olmuş gənc hücumçu topu tora göndərməklə, Ağdam təmsilçisinə 1/8 final mərhələsinin qapılarını açdı.
İTV tarixi matçla ilgili maraqlı videosüjet hazırlayıb. Burada «Xəzər Lənkəran»ın yetirməsinin bir həftə içində necə qəhrəman səviyyəsinə yüksəlməsindən bəhs olunur.
Nəriman kanala bir sıra maraqlı etiraflar edib. U-21 yığmasına da dəvət alan forvard Braqa səfərində qaçırdığı qoldan sonra yaşadığı hissləri bölüşüb, cavab görüşünə ikiqat əzmlə hazırlaşdığını söyləyib.
Həyatı hər zaman rəngli yaşamaq zövq verməz insana. Bəzən qara-ağ da yaşamalısan. Onun qaranlıq və aydınlıq arasındakı həyatı cəmi 1 həftəyə sığdı.
“Qarabağ”ın əsas heyətinin ən gənc futbolçusu – Nəriman Axundzadə. Onun bir həftədə yaşadıqlarını Allahın sınağı adlandıra bilərik.
“Braqa” ilə hər iki görüşdə diqqətləri üzərinə çəkmişdi. İlkində azarkeşləri məyus etməsi, ikincidə isə oyunun qəhrəmanına çevrilməsi ilə. İlk matçın son dəqiqələrində qapıçı ilə üz-üzə qalan Nəriman qolu vura bilməmişdi.
Sarsılmışdı.
Bəlkə də Qurban Qurbanovun ona şans verməyəcəyini düşünmüşdü. Yanılmışdı. “Braqa” ilə ikinci oyun.
Sanki bir dejavü yaşanır. Bu dəfə də Nəriman əsas oyunun son dəqiqələrində qapıçı ilə təkbətək qalır.
Allah onu budəfəki sınaqdan üzüağ çıxarır. Vurduğu qol “Qarabağ”ı 1/8 finala yüksəldir.
Yəqin ki, Nəriman Axundzadə yaddaşlarda həm də bu görüntüsü ilə qalacaq. 60 minlik stadionda sevincini bölüşəcək atasını axtarmağı ilə.
SPORTİNFO.AZ

