Uzun illər Azərbaycanda çalışmış ingiltərəli ot mütəxəssisi Filip Şarplesin ölkəmizə qayıdışı yenidən Tofiq Bəhramov adına Respublika stadionunda çalışacağı ilə bağlı deyil.
İş burasındadır ki, “Qarabağ”ın ev oyunlarını keçirdiyi stadionun ot örtüyünə azərbaycanlı mütəxəssislər cavabdehlik daşıyır.
Onlar klubun işçiləri hesab olunur və məvaciblərini də klubdan alırlar.
Altı nəfərdən ibarət işçi qrupu təkcə Respublika stadionunda çalışmır. Onlar həm də “Azərsun Arena”dakı əsas və yardımçı meydançalara cavabdehlik daşıyırlar.
Sözsüz, vəziyyətin bu cür olmasına görə bizə sevinmək düşür. 10-15 il öncə ölkədə ot üzrə mütəxəssis tapmaq mümkün deyildi.
O dönəmdə ölkədəki təbii ot örtüklü stadionların durumunu xatırlayırsınız yəqin. Ümidimizi Filip Şarples, Boris Kolev və digər əcnəbilərə bağlamışdıq.
Azərbaycanlı mütəxəssislərin görüb-götürməsinin, öyrənməsinin, yekunda bacarıqlı kadra çevrilməsinin nəticəsi bu gün özünü Respublika stadionunun ot örtüyündə göstərir. Son 2 ildə avrokubok və daxili yarışlar zamanı qazon öz möhtəşəmliyini qorumaqdadır.
Və maraqlı fakt. AFFA rəsmiləri millilərin qarşıdakı oyunlarının məhz “Qarabağ”ın işçilərinin qulluq etdiyi meydanlarda keçirilməsini məqsədəuyğun sayıb.
Əsas yığma Monqolustan və Bolqarıstan ilə oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda, Samir Əliyevin rəhbərlik etdiyi U-21 seçməsi isə Ukrayna və İngiltərə ilə matçlarını “Azərsun Arena”da keçirəcək.
HƏBİB / SPORTİNFO.AZ

