Hər kəsə şok yaşadır, yalnız “Qarabağ”dan geri qalır

18 Mart 23:40 Qarabağ 2 196
Hər kəsə şok yaşadır, yalnız “Qarabağ”dan geri qalır

Bir neçə turdan sonra “Kəpəz”in avrokuboklara vəsiqə uğrunda mübarizə apardığını görsəniz təəccüblənməyin.

Bunu mütləq bir yerə yazın.

Yersiz-yurduz, stadionun üçün onun-bunun qapısında yatan, mövsümün sonunda avtobusa qovuşmasını bayram edən komanda fırtına kimi əsir.

“Qarabağ”ı son dəqiqələrə qədər həyəcanlandırdı, prinsipial oyunlarda “Turan Tovuz”la “Qəbələ”nu uddu, turnir cədvəlinin ikincisi olan “Sumqayıt”ı səfərdə meydana çıxmağa peşman etdi, o gün “Neftçi”nin qapısından 3 top keçirdi. Bu gedişlə 10 turda çox şey dəyişə bilər.

“Kəpəz”in müdafiə xəttində ciddi mənada dəyişiklik yoxdur. Yeni ildə keçirdiyi 8 oyunda qapısından 15 top buraxıb ki, bu, hər matçda orta hjesabla təxminən 2 qol deməkdir. Rəqibləri üçüncü dövrədəki bütün qarşılaşmalarda gəncəlilərin qapısına yol tapıb.

Belədirsə, bəs, “Kəpəz”in yüksələn qrafik üzrə inamla addımlamasının səbəbi nədir? Məhsuldarlıq, məhsuldarlıq, məhsuldarlıq...

Bəlkə də fakta inanmayacaqsınız. Amma həqiqətdir.

Adil Şükürovun rəhbərlik etdiyi kollektiv 2024-cü ildə Premyer Liqada meydana çıxdığı 8 oyunun hər birində rəqib qapılarına yol tapmağı bacarıb. Elə komanda yoxdur ki, “sarı-göylər” ona qol vurmağın yolunu bilməsinlər.

Və bu göstəricidə yalnız “Qarabağ”dan geri qalırlar. Ağdamlılar üçüncü dövrədəki 8 oyunun ən məhsuldar komandasıdır. 23 dəfə fərqləniblər. Ümumi siyahı belədir:

“Qarabağ” – 23 qol, “Kəpəz” – 17, “Səbail” – 13, “Sabah” – 12, “Turan Tovuz” – 11, “Neftçi” – 10, “Qəbələ” – 7, “Sumqayıt”, “Zirə” , “Araz-Naxçıvan” – hamısı 6.

Yeni ilin ən məhsuldar komandası son ilin çempionu, hazırkı çempionatda “qızıl”a bir nömrəli namizəd “Qarabağ”dırsa, ikinci sırada Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”dir.

Əlavə şərhə ehtiyac var?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti