"Qarabağ"ın "Molde"nin sol cinah yarımmüdafiəçisi Matias Loviklə yaxından maraqlanması barədə xəbərlər yayılıb.
Sosial şəbəkələrdə dolaşan informasiyaya görə, Ağdam klubu Norveç təmsilçisinin yetirməsini yay "transfer pəncərəsi"ndə heyətinə qatmağı planlaşdırır.
İddialara görə, "köhlən atlılar" Avropa Liqasının qrup mərhələsində üz-üzə gəldiyi komandanın 20 yaşlı oyunçusuna görə 1 milyon avro ödəməyə hazırdır.
Hazırda Konfrans Liqasının 1/8 final mərhələsinə mübarizəni davam etdirən "Molde"nin isə ona görə 3 milyon avro istədiyi bildirilir.
Saytımıza daxil olan bilgiyə görə, "Qarabağ" Loviki transfer eləməyi planlaşdırmır.
Bunun bir səbəbi onun transfer haqqının yüksək olmasıdırsa, digər səbəbi adıçəkilən vingerin Azərbaycana gəlməyə həvəs göstərməməsidir.
Norveçin bütün aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinmiş cinah oyunçusu Avropanın aparıcı çempionatlarından birində çıxış etmək niyyətindədir.
SPORTİNFO.AZ

