“Braqa” ilə çox emosional matç keçirdik.
Bu hisslər bizim üçün yeni idi, çünki “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasının 1/8 mərhələsinə vəsiqə qazandı.
Bununla da tarixi nailiyyətə imza atdıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Leandro Andrade komandasının Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə keçirdiyi oyunlar (4:2, 2:3) barədə Portuqaliya mətbuatına açıqlamasında deyib.
24 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, çətin rəqiblərlə qarşılaşmaq komanda üçün əlavə motivasiyadır:
“Çox iddialı və təhlükəli rəqiblə üz-üzə gələndə belə, irəliləmək və yaxşı nəticə qazanmaq haqqında düşünürük. “Braqa” ilə qarşılaşmadan öncə proqnozlara əsasən, onlardan zəif hesab olunurduq.
Əslində bu, bizim üçün əlavə motivasiya oldu. Çünki güclü rəqibə qarşı mübarizə aparanda məsuliyyətimizin fərqində oluruq.
Yaxşı nəticə üçün bütün diqqətimizi oyuna kökləyirik. Bu, heç də asan deyildi.
Əla oyunçuları və bizdən qat-qat güclü heyəti olan "Braqa"ya qalib gəlməli idik. Baş məşqçimizin tapşırıqlarına tam əməl etdik.
Onun göstərişləri bizim üçün çox vacibdir. Qurban Qurbanov “Braqa”nın oyun üslubunu yaxşı analiz etdi, bizə hər cəhətdən motivasiya verdi.
Hər birimiz meydanda ən üstün tərəflərimizi ortaya qoyduq”.
"Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandası ilə qarşılaşacaq. Oyunlar martın 7-də Bakıda, 14-də isə Leverkuzendə keçiriləcək.

