“Qarabağ”ın əsas hücumçusu Olavio Juninyonun durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, “Qəbələ” ilə oyunun birinci hissəsində zədələnərək yerini Leandro Andradeyə verən braziliyalı forvard həkim müayinəsindən keçib.
İlkin müayinəyə əsasən “18 nömrə”nin zədəsinin ciddi olmadığı aşkarlanıb. Mikrozədəsi olan səbəbkar bir neçə gün fizioterapevt nəzarətində olacaq.
Bu isə o deməkdir ki, ağdamlıların “vuran ayağı” “Neftçi”yə qarşı oynaya bilməyəcək. Onun “Bayer Leverkuzen”lə matçlarda meydana çıxmaq şansı yüksək qiymətləndirilir. Təbii ki, məşqlərin gedişində vəziyyəti ağırlaşmasa.
“Qarabağ” martın 3-də Premyer Liqanın 25-ci turunda “Neftçi”nin qonağı olacaq, martın 7-də Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Respublika stadionunda “Bayer”i qəbul edəcək.
HƏBİB

