"Qarabağ"ın video-analitik məşqçisi Yanuş Vasilyev Avropa Liqasının pley-off mərhələsindəki rəqib "Braqa"nın oyununu Portuqaliyada canlı izləyəcək.
Sportinfo.az xəbər verir ki, mütəxəssis fevralın 4-də sözügedən ölkəyə yollanacaq.
O, fevralın 5-də, Bakı vaxtı ilə saat 00:30-da start götürəcək "Braqa" - "Moreyrense" matçına tribunadan baxacaq.
"Braqa"nın isə iki nümayəndəsi fevralın 8-də Bakıda olacaq. Həmin gün Ağdam təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Sabah"ı (ilk oyun - 7:1) qəbul edəcək.
“Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

