"Premyer Liqamız güclənib" cümləsini bu mövsüm tez-tez eşidirəm.
Düzdü, son illər hegemonluq edən "Qarabağ"ın rəqabət hiss etməsi üçün həmin güclənməyə böyük ehtiyac. Bunun ən çox istəyənlərdəndən biriyəm.
Amma hazırkı mövsümlə bağlı iddianı yaxına belə buraxmıram.
Bu gün çempionluğa namizəd göstərilən "Sabah" "Qarabağ"a 1:7 uduzur.
Yayda böyük pafosla yeni eradan danışan "Neftçi" çempionatda 20 turdan sonra lider "Qarabağ"dan 15 xal geri qalır.
Ötən mövsüm "atlılar"a qarşı ən layiqli mübarizə aparan 2-3 klubdan biri olan "Qəbələ" bu gün sonuncu pillədə yer alır.
Budur güclənmə? Budur artan rəqabət?
Özümü-özümüzü aldatmayaq da...
Yuxarıda üç klubun "Köhlən atlarla" müqayisədə nə qədər acınacaqlı durumda olduqlarınə göstərməyə elə üç cümlə yetərli oldu.
Hansısa dərin analizə, şərhə ehtiyac qalmadı.
Yerdə qaldı hansı klublar?
Ortabab və liqada qalmaq hədəfi olanlar.
Razıyam, həmin klublar ötən sezonla müqayisədə nisbətən gücləniblər.
Bəs bu bizə nə verir?
Orta pillələr uğurunda daha gərgin mübarizə.
Bu da hansısa çərçivədə inkişaf deməkdir. Müsbət qiymətləndirmək olar.
Bəs avrokuboklarda nəyə ümid edək?
Yenə "Qarabağ"ın uğur qazanmasına. O da nə zamansa bir yerdə dayansa, vay bizim də, futbolumuzun da halına.
Hər halda, daxili yarışlardakı performans onu deməyə əsas verir ki, yayda digər klublarımızdan ciddi nəticələr gözləməyə dəyməz. Yenə ən yaxşı halda bir mərhələ ola-olmaya.
Çempionatın səviyyəsini göstərən əsas ölçü vahidi məhz avrokuboklardakı nəticələrdi. Orada papağı günə verənlərin burada kölgə axtarması isə çox absurd səslənir. Heç olmasa səs eləməyin.
XANOĞLAN İMANOV

