Qurban Qurbanovdan səmimi etiraf: “Bəli, belə hal yaşanıb"

29 Yanvar 2024 22:20 Qarabağ 836
Qurban Qurbanovdan səmimi etiraf: “Bəli, belə hal yaşanıb"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən həftə Almaniya təmsilçisi “Bayer”in düşərgəsində oldu.

Təcrübəli mütəxəssisin məqsədi hazırda uğurlu nəticələri ilə hamını təəccübləndirən Xabi Alansonun məşqləri, iş təcrübəsi ilə yaxından tanış olmaq idi.

Bu, Qurbanovun məşqçilik karyerasında ilk belə hal deyil.

O, daha əvvəl Pep Qvardiolanın çalışdırdığı “Barselona”da, Yurgen Kloppun baş məşqçisi olduğu “Borussiya”da da eyni təcrübəni yaşayıb.

Aradakı müddətdə isə 51 yaşlı mütəxəssis “Qarabağ”la çox böyük işlər görməyi bacarıb.

Əbəs deyil ki, bu gün Qurban Qurbanov Azərbaycan futbolunda böyük uğurların əsas memarı hesab olunur.

Çalışdırıcı “Qarabağ”la daha nələrə nail olmayıb ki?

Çempionlar Liqasının qrup mərhələsində oynamaq xəyalını belə Qurbanov reallıqda yaşayıb.

Adıçəkilən dünyaca məşhur baş məşqçilərdən heç də geri qalmayan neçə-neçə ünliyə qarşı meydana komanda çıxarıb.

Bəli, bu gün yeni nələrsə öyrənmək, məşqçi kimi daha da böyümək üçün Alonsonun görüşünə gedə bilər.

Lakin etiraf edək ki, onun özünün də zəngin təcrübəsi var.

Bu gün Qvardiola, Klop, Alonso kimi məşqçilər dünya futbolu üçün hansı çəkidədirsə, Qurbanov da Azərbaycan futbolu üçün o çəkidədir.

Görəsən, belə olan halda, bəs yerli mütəxəssislərdən onun yanına gələn, təcrübəsindən faydalanmaq istəyənlər olub?

Qurban Qurbanov sualımıza qısaca olaraq belə cavab verib:

“Bəli, belə hal yaşanıb. Bəzi yerli məşqçilərlə görüşümüz, müzakirələrimiz olub.

Amma ad çəkmək istəməzdim. Aralarında üzdə olan yerli mütəxəssislər varmı? Hə, aralarında elələri olduğunu deyə bilərəm”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti